Sabah, dekabrın 28-də Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-formal sammiti keçiriləcək. Həmin sammitdə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında müəyyən təmasların olacağı da istisna edilmir.
N.Paşinyan bu günlərdə bildirib ki, hazırda sammit çərçivəsində Azərbaycan prezidenti ilə ikitərəfli rəsmi görüş barədə təklif yoxdur: "Amma Azərbaycan prezidenti ilə orada təmaslar mütləq olacaq".
O, həmçinin bildirib ki, Ermənistan sülh sazişinin imzalanması üçün danışıqlara hazırdır. Bunu əvvəl Azərbaycan prezidenti də bir neçə dəfə dilə gətirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə "Turan"a bildirib ki, Rusiyanın dəvəti ilə hər ilin axırı Moskvada MDB dövlət başçılarının qeyri-formal sammiti keçirilir. Onun fikrincə, belə görüşlərin yalnız faydası var: "Müharibə artıq bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və münasibətlər yalnız mehriban qonşuluq münasibətləri istiqamətinə yönəlməlidir".
"Hər görüşdə daha bir addım irəli getmək olar"
O qeyd edib ki, Ermənistan tərəfdən hərdən konstruktiv fikirlər səslənir: "Azərbaycan tərəfi bunu görür və bunun ilk növbədə Ermənistanın xeyrinə olduğunun fərqindədir. Əgər Ermənistan Azərbaycanla münasibətləri kompleks şəkildə həll etmək istəyirsə, biz buna yalnız razılıq verə bilərik. Sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizinin açılması, ikitərəfli münasibətlərin daha geniş spektr alması – bütün bunlar müzakirə edilən məsələlərdir".
Onun fikrincə, hər görüşdə daha bir addım irəli getmək olar: "Üçüncü dövlətlərin və yaxud da beynəlxalq təşkilatların vasitəçiliyindən əlavə, iki dövlətin rəhbərləri və rəsmiləri artıq ikitərəfli kontaktda ola bilərlər".
"Rusiya istəmir ki, bu kommunikasiyalar itsin"
Siyasi şərhçisi Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, sammitdəki görüşdən heç nə gözləmir: "Çünki oradakı görüşlər məhz MDB-yə aid olan məsələlər üzərində olacaq. Amma qeyd etmək lazımdır ki, MDB-yə aid olan elə də ciddi məsələlər yoxdur, sadəcə, formal xarakter daşıyır. Ara-sıra görüşürlər, söhbət edirlər və bütün bunlar Rusiya moderatorluğu ilə həyata keçirilir. Rusiya istəmir ki, bu kommunikasiyalar itsin".
"Bu mövqeyi Paşinyan hələ ki, saxlayacaq"
Onun vurğulamasına görə, Əliyev və Paşinyanın ikitərəfli formatda görüşləri daha məqsədəuyğundur: "Azərbaycan marağındadır ki, görüşlər məhz həmin formatda olsun. Bu formatdan... sülh müqaviləsi çıxmalıdır. Azərbaycanın marağında olan odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və bu ərazi bütövlüyü çərçivəsində də Qarabağ olsun. Paşinyan əvvəl demişdi ki, Ermənistan Azərbaycan ərazi bütövlüyünü 1991-ci ildə tanıyıb, amma bunun Dağlıq Qarabağa aidiyyəti yoxdur. Bu mövqeyi Paşinyan hələ ki, saxlayacaq".
Sizin brauzer HTML5-i dəstəkləmir
A.Qasımlı hesab edir ki, yaxın zamanlarda sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyməz: "Olmamasının əsas səbəbi odur ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görməyə, hələlik, hazır deyil".
Onun sözlərinə görə, Rusiya da iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyil: "Çünki bu o deməkdir ki, Ermənistan Azərbaycanla öz problemini həll edib. Problem həll olunubsa, bu o deməkdir ki, sülhməramlı kontingentə orada ehtiyac yoxdur, artıq Azərbaycan bu məsələni qaldıra bilər. Ən azından, İlham Əliyev bu məsələni qaldırmasa da, Azərbaycan ictimaiyyətində qaldırılacaq, o da hakimiyyət üçün müəyyən diskomfort yaradacaq, irəlidə Rusiya üçün də diskomfort yaradacaq".
MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Ora keçmiş SSRİ respublikalarından Baltikyanı respublikalar və Gürcüstan daxil deyil.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Azərbaycan və Ermənistan arasında hərbi toqquşmalara səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.