Brüssel görüşündə nə olar, nə olmaz...

İ.Əliyev və N.Paşinyan

Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüş Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təklifi ilə baş tutacaq.

Oktyabrın sonlarında isə Kremilin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov noyabrın əvvəlində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı açıqlama vermişdi. Lakin sonra həmin görüş baş tutmamışdı.

E.Mirbəşiroğlu

"Ermənistan üçün bu şərtlər olduqca ağırdır"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, Moskva görüşü Ermənistanın qeyri-konstruktiv yanaşması nəticəsində baş tutmayıb: "Ermənistan danışıqlardan yayınmağa çalışır. Onlar bilir ki, növbəti mərhələyə addım atılmalıdır və sülh sazişi bağlanmalıdır. Ermənistan ağır məğlubiyyətə uğramış tərəfdir. Ötən ilin noyabrın 10-da imzalanmış bəyanatdan əvvəl heç vaxt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin yaradılması müzakirə predmeti olmayıb. Sənəd imzalanandan sonra Dağlıq Qarabağın statusu məsələsi aradan qalxmış oldu. Ermənistan üçün bu şərtlər olduqca ağırdır".

Onun sözlərinə görə, Nikol Paşinyanı hakimiyyətə Qərb siyasi dairələri gətirib və onun qarşısında qoyulmuş əsas hədəflərdən biri Rusiyanın proseslərdə həlledici rolunu məhdudlaşdırmaqdır: "Təbii ki, Paşinyan bu istiqamətdə təsirli rol oynayacaq gücə malik deyil. Amma yenə də müəyyən məsələlərlə bağlı ölkəsinin mövqeyini ifadə edə bilir. Bu baxımından Brüsseldə görüşün keçirilməsinə Paşinyan razılıq verib".

Sizin brauzer HTML5-i dəstəkləmir

De Vaal: 'Ölümlərin şahidi olduq... Tərəflər özlərinə sual versin: Bacarırıqmı?'

"Başqa yolu qalmadığını dərk etdi"

Deputat qeyd edib ki, noyabrın 15-16-da Ermənistan Azərbaycana qarşı növbəti dəfə genişmiqyaslı təxribatlar törədib və növbəti dəfə Azərbaycanın sərt reaksiyası ilə rastlaşıb: "Onun ardınca Ermənistanda Paşinyana qarşı mitinqlər başlandı. Bununla da Ermənistan bir daha gördü ki, o heç bir halda Azərbaycanın güc mövqeyinə təsir edə bilməz. Ona görə də görüşün keçirilməsindən başqa yolu qalmadığını dərk etdi".

"Bütün proseslər Azərbaycanın xeyrinədir"

Onun fikrincə, Azərbaycan Brüsseldəki görüşdə öz güclü mövqeyi ilə çıxış edəcək: "Azərbaycanın aydın mövqeləri ortadadır - sərhədlər müəyyənləşdirilməlidir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu görüşdən sonra Azərbaycanın haqlı mövqeyi bir daha dünyanın təsirli siyasi dairələrinə çatmış olacaq. Hazırda gedən bütün proseslər Azərbaycanın xeyrinədir".

Ə.Oruclu

Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Moskvadakı görüşə rəsmi Bakı da həvəs göstərmədi və heç bir açıqlama vermədi, Ermənistan isə "görüş xətrinə görüşə ehtiyac yoxdur" deyib: "Bununla da görüş baş tutmadı. Amma, eyni zamanda, sərhəddə gərginlik yaşandı və həmin gərginlik zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona səfər etdi. Sonra da Vaşinqtondan Azərbaycanla Ermənistana çağırış gəldi. Bunun ardınca da ikitərəfli görüşün məhz Brüsseldə olacağı elan olundu".

"...Nə Bakını, nə də Yerevanı qane edir"

Ekspertin fikrincə, bu, Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərindən öz geosiyasi maraqları üçün yararlanmağa çalışması ilə bağlıdır: "Görünür, Moskva elə şərtlər irəli sürür ki, onlar nə Bakını, nə də Yerevanı qane edir".

O hesab edir ki, Moskva yaradılan vəziyyətdən istifadə edərək bölgəyə əlavə sülhməramlı qüvvələri adı altında qoşunlar yeritmək istəyir: "Bunu Putinin bəyanatından da açıq şəkildə görmək olar. Çox güman ki, növbəti mərhələ kimi bu dəfə qoşunları Ermənistan-Azərbaycan sərhədində və Zəngəzur bölgəsinə yerləşdilirməsi nəzərdə tutulur. Bu variant Ermənistanla Azərbaycanı qane etmədiyindən onlar Qərbə doğru üz tutub".

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı Zəngəzur suallarına aydınlıq gətirdi

Ə.Oruclu Moskvanın bununla hesablaşacağını düşünmür: "Ehtimal var ki, Azərbaycan-Ermənistan sərhədində və hətta, ola bilsin ki, Qarabağın dağlıq hissəsində təxribatlar artsın, hətta lokal döyüşlər baş versin".

O qeyd edib ki, Brüsseldəki görüşdə ciddi sənədin imzalanacağını düşünmür: "Bunun üçün hələ tezdir. Amma müəyyən niyyət protokolu imzalana bilər".

Son günlər Azərbaycan-Ermənistan sərhədindən atəşkəsin pozulması ilə bağlı həyəcanlı xəbərlər gəlib. Azərbaycan tərəfi bildirib ki, təkcə noyabrın 16-da döyüşlərdə 7 hərbi qulluqçusu həlak olub, 10-u isə yaralanıb. Ermənistan tərəfi də bununla bağlı açıqlamasında 6 hərbi qulluqçusunun həlak olduğunu, 10-dan çoxunun əsir götürüldüyünü, bəzilərindən isə məlumat olmadığını bildirib. Tərəflər atəşkəsin pozulmasına görə də qarşılıqlı olaraq bir-birlərini günahlandırıblar.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.