Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür. Rəsmi məlumata görə, bu il 51 minədək şəxsə əlillik təyin edilib. Ümumilikdə isə Azərbaycanda 600 mindən çox əlilliyi olan şəxs var.
İkinci qrup əlili statusu olan, Bakı sakini Mehriban Məmmədova (soyad şərtidir) AzadlıqRadiosuna deyib ki, uyğun iş axtarır. İşlə təmin olunmaq üçün məşğulluq idarəsinə də dəfələrlə müraciət edib: "Mənə dedilər ki, sənə uyğun iş yoxdur. Pensiya ilə dolanmaq olmur".
Sizin brauzer HTML5-i dəstəkləmir
İşlə təminat...
Dövlət Məşğulluğu Agentliyindən isə "Turan"a bildirilib ki, ölkədə əlilliyi olan 400 minə yaxın şəxs əmək stajından asılı olaraq aylıq əmək pensiyası, qalanları və həmçinin sağlamlıq imkanları məhdud uşaqlar aylıq müavinətlə təmin olunurlar: "Bundan əlavə, əlilliyi olan, amma əməkqabiliyyətli olan şəxslər işlə təmin olunurlar. 2019-cu ildə işlə təmin edilən əlilliyi olan şəxslərin sayı 2 min 800, 2020-ci ildə 2 min 900 olub. Bu ilin 9 ayında isə bu rəqəm 2 min 646-dır".
Vurğulanıb ki, özünüməşğulluq, həmçinin ödənişli ictimai işlər proqramının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir: "Bu il özünüməşğulluq proqramı üzrə 1 min 242 nəfər əlilliyi olan şəxs üçün ailə təsərrüfatları yaradılıb və bu say artmaqda davam edir. Ödənişli ictimai işlər proqramına cəlb olunanlar sırasında 2 mindən çoxu əlilliyi olan şəxslərdir".
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycan BMT Konvensiyasına qoşulub
Deputat Jalə Əhmədova deyir ki, Azərbaycan 2006-cı ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" BMT Konvensiyasına qoşulub: "Azərbaycan əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların reabilitasiyası, sosial rifahının yaxşılaşdırılması, bir sözlə, tamhüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün lazım olan bütün tədbirləri görür".
Lakin, onun fikrincə, burada cəmiyyətin də görəcəyi işlər var: "İstər maddi, istər mənəvi, onların hər birimizə ehtiyacı var. Ən azından həmsöhbət olmaq, dərdləşmək də onlar üçün bir dəstək, qayğı deməkdir".
İqtisadçı Rəşad Həsənov isə mövzu ilə bağlı AzadlıqRadiosuna bunları bildirib: " Əmək Məcəlləsi ilə kvota müəyyən edilib ki, müəssisələrdə 3 faizə qədər əlilliyi olan şəxslər işə götürülsün. Eyni zamanda, son 5 ildə özünüməşğulluq proqramları çərçivəsində əlilliyi olan şəxslərin fərdi bizneslə məşğul olmaq imkanlarının genişləndirilməsi istiqamətində işlər görülür. Amma bununla yanaşı, problemlər qalmaqdadır".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Hökumətin hər hansı bir sanksiyası yoxdur"
Onun sözlərinə görə, kvotanın icrasına nəzarət mexanizmi zəifdir: "Burada əsas problem ondan ibarətdir ki, məşğulluq idarələri tərəfindən göndərilən, həmçinin də öz müraciəti əsasında təcrübəyə cəlb edilən əlilliyi olan şəxslər sonradan hansısa formada işdən uzaqlaşdırılırlar. Belə olduğu təqdirdə hökumətin hər hansı bir sanksiyası yoxdur".
R.Həsənov qeyd edib ki, əlilliyi olan şəxslərin 30 faizinin əmək qabiliyyəti çox məhduddur, onların 2 faizi ev şəraitində əl işləri və ya informasiya texnologiyaları sahəsində məşğul olurlar: "Elə şəxslər var ki, 20 dəfə məşğulluq idarələrinə müraciət etsələr də, işlə təmin olunmurlar".