Qaradağ Rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun mühakiməsi başlayıb. Aprelin 7-də hakim Rəşad Mustafayevin sədrliyi ilə sabiq nazirin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəməyə jurnalistlər buraxılmayıb. Məhkəmə nəzarətçisi və mühafizə polisi media nümayəndələrinə kobud davranıb, onların prosesə buraxılmayacağını bildirib. Qohumlardan da cəmi iki nəfər zala daxil ola bilib. Keçmiş nazirin təxminən 15 nəfər qohumu çöldə qalıb.
Məlumata görə, məhkəmə zalındakı oturacaqlar naməlum adamlarla doldurulub.
Hazırlıq iclası davam edir.
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası verilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yeni cinayət işi başlanıb. İnsanova CM-nin 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. İddia olunur ki, keçmiş nazirdən psixotrop tərkibli dərman tapılıb, o, cəzaçəkmə müəssisəsinin əməkdaşını döyüb.
Lakin Əli İnsanov ittihamı qəbul etmir, bütün bunları «böhtan» adlandırır. Bildirir ki, bu cinayət işi onu həbsdən buraxmamaqdan ötrü siyasi sifarişlə quraşdırılıb və saxtadır. Keçmiş nazirin sözlərinə görə, sifarişçi də birbaşa prezident İlham Əliyevdir.