Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyir ki, həbsdə olduğu bir ay ərzində ölümlə hədələnir. Bu barədə o, fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılarkən deyib.
Partiya sədrinin sözlərinə görə, həbs olunacağı haqda ona öncədən xəbərdarlıq edilmişdi.
"Təklif olunan rüşvətdən imtina etməyim..."
"Prezident Administrasiyasının məsul şəxslərindən biri mənə bu haqda xəbərdarlıq etmişdi. Prokurorluğa çağırıb rəsmi xəbərdarlıq da eləmişdilər. Bir müddət əvvəl DTX-ya aparılıb qanunsuz saxlananda da artıq şübhələr yaranırdı ki, həyata keçirirlər. Ondan əvvəl bir ilə yaxın idi ki, universitetdən müəllim kimi uzaqlaşdırmaq üçün hər cür təzyiqə əl atırdılar. Bütün bunların səbəbi hakimiyyətə qarşı barışmaz mövqeyim, təklif olunan rüşvətdən imtina etməyim idi...", – Əliyev belə deyir.
Buna da bax: Əli Əliyev: 'Hakim təzyiqim 220 ola-ola məhkəməmi davam etdirdi...'Həbsinə səbəb olan vertolyot qəzasına gəlincə, partiya sədri iddia edir ki, ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış Dövlət Sərhəd Xidməti (DSX) zabitləri bu addımı sifariş əsasında atıblar. İxtisasca həkim olduğunu vurğulayan Əliyevin sözlərinə görə, o, bu gün də düşünür ki, sözügedən iki nəfər hadisə vaxtı vertolyotda olmayıb. Partiya sədri xatırladıb ki, bu fikirdə olan tək o deyil: "Ağlı başında olan adamlar bilir ki, min dərəcə temperaturda, o sürətlə yerə çırpılan vertolyotdan onlar sağ çıxa bilməzdi. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olan Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda onların adlarını çəkməmişəm. Amma bir halda ki, sifariş gəlib, bunlar olmayacaqdı, başqa üzəduranlar tapıb həbs edəcəkdilər...".
İfadə azadlığının pozuntusu
Əliyevin vəkili Cavad Cavadov da onun təqsirsiz olduğunu vurğulayıb, partiya sədrinin həbsini ifadə azadlığının pozuntusu kimi qiymətləndirib. Vəkil yada salıb ki, müvəkkili hələ sentyabr ayında Baş Prokurorluğa çağırılaraq ona çıxışlarını dayandırmayacağı təqdirdə barəsində daha ciddi addımlar atılacağı haqda xəbərdarlıq edilmişdi.
Buna da bax: Vaşinqton partiya sədri barədə çıxarılan qərardan məyusdurBakı Apellyasiya Məhkəməsi Əliyev haqqında 5 aylıq həbs hökmünü dəyişməyib.
Cavadov AzadslıqRadiosuna bildirib ki, hökmdən Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: "2022-ci ildə adamı düşüncəsinə görə həbs eləmək biabırçılıqdır".
Xatırlatma
Partiya sədri Əli Əliyev vertolyot qəzasını şərh edərkən deyib ki, sözügedən hadisə haqda telekanallarda müsahibə verən hərbçilərin həmin hadisələrdən sağ çıxdığına inanmır.
"Huşunu itirmiş, 3 min metr hündürlükdən düşmüş insanın üzündə heç bir cızıq, çapıq olmaması, yalnız bazu və said sümüyünün sınması o adamın həmin vertolyotda olmasına şübhə yaradır. Vertolyotun hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz. Yalnız pilot pozuntunun nədən başlaması, uçuşda olan problem haqda ehtimal irəli sürə bilər...", - partiya sədri "Osmanqızı" kanalında qəzanı şərh edərkən bildirib.
Buna da bax: Yüksək rütbəli zabitlər bir helikopterdə... ekspert bunun qadağan olunmasını tələb edirEmil Cəfərov iddia ərizəsində göstərib ki, Əliyev onu yalan danışmaqda suçlamaqla, nüfuzdan salıb: "Xidmət yoldaşlarım və yaxın dostlarımın ölümü ilə bağlı yalan məlumat verdiyimi iddia etməklə məni cəmiyyət və kollektiv arasında nüfuzdan salıb".
DSX zabitlərinin hər biri Əliyevin CM-in 147.1 maddəsilə təqsirli bilinib 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Sözügedən helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub. Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.