Prokuror Eldar Həsənova 11 il həbs və övladlarının əmlaklarının müsadirəsini istədi

Eldar Həsənov

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənovun işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində dörd ay davam edən araşdırmalar yekunlaşıb. Yanvarın 7-də məhkəmədə prokuror onun 11 il azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror çıxışında deyib ki, Həsənova verilmiş külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlar məhkəmə istintaqında təsdiqini tapıb.

Əmlak siyahısı

Sabiq səfir həbs olunarkən onun övladları və başqa qohumlarının mülkiyyətində olan bir sıra daşınmaz əmlakların üzərinə həbs qoyulub. Onların arasında Nardaranda bağ evi, Novxanıda torpaq sahəsi, Bakının Nəsimi və Yasamal rayonlarında iki mənzil, Nərimanov rayonu ərazisində mağaza və Monteneqroda mənzil də var. Prokuror bu əmlakların da müsadirə olunmasını istəyib.

Üzərində həbs olan əmlaklar arasında "Oskar" firmasına məxsus mülkiyyət də var. Dövlət ittihamçısı bildirib ki, məhkəmə araşdırması zamanı bu şirkətə məxsus əmlakların Həsənova aidiyyəti olmadığı aydınlaşıb. Onların müsadirə olunmasına ehtiyac yoxdur.

Bundan başqa, sabiq səfir həbs olunarkən onun iş otağı və evindən götürülmüş, ümumilikdə 50 min manat civarında vəsait Baş Prokurorluğun depozit hesabında saxlanılır. Bu vəsaitin də müsadirəsi təklif edilib.

Buna da bax: Eldar Həsənov: 'Mənə nə cəza istəyirsiniz, verin, amma o iki ünvana ləkə gətirməyin'

18.5 milyon manatlıq mülki iddia

Həsənovun işi üzrə zərərçəkmiş qismində tanınan Xarici İşlər Nazirliyi məhkəmədə sabiq səfirə qarşı 18.5 milyon manatlıq mülki iddia qaldırıb. Prokuror da, nazirliyin nümayəndəsi də bu mülki iddianın təmin olunmasını istəyib.

Prosessual qaydalara görə, məhkəmədə prokurordan sonra vəkillər çıxış edib, arqumentlərini səsləndirirlər. Sabiq səfirin vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakim onlara yanvarın 14-nə qədər vaxt verib.

Vəkil Cavad Cavadov prokurorun çıxışının qərəzli olduğunu və məhkəmədə üzə çıxan faktlara əsaslanmadığını deyir. Vəkilin sözlərinə görə, müdafiə tərəfinin məhkəmədə qaldırdığı 70-dən artıq vəsatətin beşi təmin olunsaydı, Həsənovun təqsirsizliyi sübut olunacaqdı: "Buna görə də təmin eləmədilər. Hərçənd, bu vəsatətlər təmin edilmədən də ittihamlar məhkəmədə darmadağın oldu".

Buna da bax: Vaqif Sadıqov Eldar Həsənovun məhkəməsində dindirildi

"Bunun özü qərəz və ayrıseçkiliyin sübutudur"

Sabiq səfir Xarici İşlər Nazirliyinin idarə rəisi, Tender Komissiyasının sabiq sədri Fərhad Mollazadə və şöbə rəisi Səlim Əlizadə ilə eyni cinayət işində təqsirləndirilirdi. Sonradan Həsənovun işi o cinayət işindən ayrıldı.

Vəkil Mollazadə və Əlizadəyə şərti cəza verilməsini yada salaraq deyir ki, o işdə prokuror da, məhkəmə də onların yaşının 60-dan yuxarı olması, ilk məhkumluqlarını xüsusi vurğulayıb: "Amma bu işdə prokuror Eldar Həsənovun yaşının 65-dən yuxarı olması, ağır xəstəliklərdən əziyyət çəkməsi, xidmətlərini nəzərə almır. Deyir ki, "yüngülləşdirici hal müəyyən olunmadı". Bunun özü qərəz və ayrıseçkiliyin sübutudur".

Cavadov əlavə edib ki, müsadirəsi tələb olunan əmlaklar arasında 90-cı illərdə əldə edilmiş, sabiq səfirin uşaqlarına babalarından miras qalmış əmlaklar var. Müdafiəçi deyir ki, əgər məhkəmə Həsənovun övladlarına məxsus əmlakların müsadirəsinə qərar versə, mülkiyyət hüququnun pozuntusundan Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Buna da bax: Eldar Həsənovun kabinetindən Ermənistana silah satışı barədə nə götürülüb?

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir.

Həmçinin, sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan XİN əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat veriblər.