Eldar Həsənov hospitala yerləşdirilib

E.Həsənov

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənovun istintaq təcridxanasında sağlıq durumu pisləşib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Oktyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Həsənovun işi üzrə növbəti məhkəmə iclası keçirilməliydi. Lakin məlum olub ki, keçmiş səfirin sağlıq durumu kəskin pisləşdiyindən o, stasionar qaydada hospitala yerləşdirilib. Məhkəmə də baş tutmayıb.

Məlumatı AzadlıqRadiosuna vəkili Cavad Cavadov da təsdiqləyib. Müdafiəçi bildirib ki, son 20 gündə müvəkkilinin əziyyət çəkdiyi xəstəliklər daha da ağırlaşmışdı.

Buna da bax: Serbiyada Heydər Əliyevin heykəli olan park necə salınıb?

Bundan öncə də məhkəmə iclaslarında bir neçə dəfə sabiq səfirin vəziyyəti pisləşmiş, hətta Bakı Ağır Cinayətlər Məhkəməsinə ona görə Təcili Tibbi Yardım gəlmişdi. Həkimlərin müdaxiləsindən sonra onun durumu nisbətən yaxşılaşmışdı.

Vəkili deyir ki, hətta son məhkəmə iclaslarına gətiriləndə onu Təcili Tibbi Yardım maşını və həkimlər müşayiət edirdi.

"Eldar Həsənovun vəziyyətinin ağır olmasına baxmayaraq, həftədə iki dəfə onun işi üzrə məhkəmə iclasları təyin edilirdi. Bu da onun səhhətinin kəskin pisləşməsində rol oynamışdı. Müdafiə tərəfi olaraq, dəfələrlə bu məsələni qaldırsaq da, təəssüf ki, nəzərə alınmadı", - Cavadov belə deyir.

Buna da bax: Eldar Həsənov: 'Bu, Kəlbəcərə yol çəkmək deyil ki, ...ayrılan vəsaiti mənimsəyim'

Müdafiəçinin fikrincə, keçmiş səfir ixtisaslaşmış neyrocərrahiyyə xəstəxanasında müalicə almalıdır. Onun sözlərinə görə, bununla bağlı həkim rəyi də var və xəstəxanada müalicə alması üçün onun barəsində həbs-qətimkan tədbiri dəyişməlidir.

Bundan öncə Həsənovun ev dustaqlığına buraxılması barədə vəkillərinin vəsatətləri təmin edilməyib.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

Buna da bax: Eldar Həsənov məhkəmədə: 'Danışsam, dövlətlərarası qalmaqal yarana bilər'

Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, Xarici İşlər Nazirliyinin DTX-da istintaqı aparılan əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib.