Dünya Bankı və Azərbaycan hökumətinin birgə gerçəkləşdirdiyi layihələrdən biri "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi" adlanır. Layihənin toplam dəyəri 53.3 milyon dollardır. Bunun 34.5 milyon dolları Dünya Bankının ayırdığı kredit məbləği, 18.8 milyon dolları Azərbaycan hökumətinin ayırdığı vəsaitdir. Layihənin başlıca məqsədi ölkədə sanitar və fitosanitar xidmət səviyyəsinin yüksəldilməsi, seçilmiş dəyər zəncirlərinin qurulması və aqrobiznes müəssisələrinə maliyyə xidmətlərinin göstərilməsidir. Bu yolla kənd təsərrüfatı məhsulu istehsalçılarının bazarlara çıxışı asanlaşdırılır. Bəs layihə nəzərdə tutduğu məqsədlərə çata bilibmi?
Hesablama Palatası 2014-cü ildən bəri həyata keçirilən layihə ilə bağlı səmərəlilik (performans) auditi aparıb. Auditin məqsədi "layihə üzrə hədəflərə nail olunma hansı səviyyədədir" və "layihə üzrə nəticəlilik təmin edilirmi" sualının cavablandırılmasıdır. Layihənin icraçısı qismində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi çıxış edib.
Buna da bax: Hökumət idarələri üçün ərzaq yerli fermerlərdən alına bilər - əgər fərman icra edilsəNəticəlilik aşağı səviyyədə olub
Hesablama Palatası layihəyə dair rəyində qida güvənliyi bacarıqlarının artırılması ilə bağlı ümumi nəticəliliyin aşağı səviyyədə olduğunu bildirib. Layihə çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə zəruri avadanlıq və beynəlxalq ekspertlər tərəfindən qurutma məsləhətləri verilsə də, iş sona çatdırılmayıb. "Qida zəncirinin bütün mərhələlərində məhsulların izlənilməsi" sistemi ilə bağlı işlər görülməyib. Üstəlik, ölkədə idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə göz qoyulması üçün nəzarət məntəqələrinin yaradılmasında nəticəliliyin əldə olunmasında da ləngimələr qeydə alınıb.
Layihə çərçivəsində bitki sağlamlığı sahəsində təhsil alan bakalavr tələbələri, ayrıca magistr və fəlsəfə doktorları üçün tədris planı hazırlanıb. Di gəl, Azərbaycanda müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və laboratoriya infrastrukturu olmadığından kurikulumun tətbiqi mümkün olmayıb.
Buna da bax: Azərbaycanda heyvandarlığın tək uğuru yumurtadır?Ölkədə baytar çatışmazlığı var
Hesablama Palatasının açıqlamasından məlum olur ki, ölkənin bəzi rayonlarında iri- və xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinin yayılması artıb. Xəstəliyin yayılma faizinin artmasının başlıca səbəbləri bunlardır:
-heyvanlar indentifikasiya olunmayıb;
-sərhəd-keçid məntəqələrindən idxal olunan diri heyvanların epizootik durumuna lazımi qaydada nəzarət edilməyib;
-heyvanların daxili yerdəyişmələri nəzarətsiz qalıb;
-baytar çatışmazlığı kəskin hiss edilib;
-xəstə heyvanlar dövriyyədən çıxarılmayıb.
Azərbaycana gətirilərkən xəstəlik aşkarlanmasa da, heyvanların daha çox ölkə içində yoluxması ayrıca diqqət çəkib. Hesablama Palatasının fikrincə, identifikasiya olunmamış heyvanlara gözqoymadakı çətinliklər bu sahədə effektiv nəzarət mexanizminin təşkil edilmədiyini söyləməyə əsas verir. Ölkədə baytar həkimi və baytar feldşerlərinin sayı normalara əsasən hesablanmış tələbatdan ciddi şəkildə geri qalır. Bütün bunlarla bərabər, audit orqanının fikrincə, yeni kadrların yetişdirilməsi ilə bağlı addımlar da qaneedici səviyyədə olmayıb.
Buna da bax: Azad olunmuş ərazilərin bərpasında korrupsiya ittihamı: Bir qoyun 310 dollar alınacaq?Hesablama Palatasının qənaətincə, layihənin icrası ölkədə toxum sektorunun inkişaf etdirilməsinə də önəmli təsir göstərməyib. Aqrar Xidmətlər Agentliyi toxumların sortluq və səpin keyfiyyətlərini təsdiqləyən uyğunluq sertifikatlarındakı göstəricilərə nəzarət etməyib. Beləcə, istehlakçı hüquqları pozulub, keyfiyyətsiz toxumdan istifadə aşağı məhsuldarlığa səbəb olub və nəticədə iqtisadi səmərə azalıb. Hesabatda layihə çərçivəsində gerçəkləşdirilən işlərin maliyyə institutlarının potensialının artmasına şərait yaratmadığı da vurğulanıb.
Araşdırma zamanı o da məlum olub ki, layihənin icrası ilə bağlı Azərbaycan hökumətinin payı nəzərdə tutulan həcmdə və qrafikə uyğun ayrılmayıb. Hesablama Palatasının "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi" layihəsi ilə bağlı səmərəlilik (performans) auditinin yekun nəticələri də, əsasən, neqativ olub. Layihənin nəticəliliyinin tam təmin edilməməsi fəaliyyətin layihə ilə məhdudlaşmasından, işin davamlılığının təmin edilməməsindən, risklərin düzgün qiymətləndirilməməsindən, eləcə də layihənin icrası ilə bağlı institusional məhdudiyyətlərdən qaynaqlanıb.