Dünya Səhiyyə Təşkilatının (DST) vəzifəli rəsmisi bildirib ki, mümkün koronavirus vaksininin qlobal pandemiyaya son qoyacağına olan ümidlər doğrulmaya bilər.
DST-nin Avropa üzrə direktoru Hans Kluge Bloomberg agentliyinə deyib ki, dünya boyunca COVID-19-a qarşı vaksinin hazırlanması üçün edilən misilsiz cəhdlər məsələni həll etməyəcək.
Kluge bildirib:
“Vaksin pandemiyaya son qoymayacaq. Pandemiyaya o vaxt son qoyulacaq ki, insanlar pandemiya şəraitində yaşamağa alışacaqlar. Bu isə lap elə günü sabah baş verə bilər”.
Kluge deyib ki, COVID-19-a qarşı vaksin ilin sonunadək hazır olacaq, amma bu pandemiyanın sonu demək deyildir.
O Bloomberg-ə bildirib ki, dünya hökumətləri bu səhiyyə böhranına daha geniş yanaşmalıdırlar.
DST rəsmisinin sözlərinə görə bu məsələdə ictimaiyyət də rol oynamalı və virusa qarşı mübarizə tədbirlərini tam qəbul etməlidir.
Bloomberg yazır ki, Kluge-nin bu qeydləri DST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus-un bu yaxınlarda verdiyi bəyanatla səsləşir.
O da demişdi ki, vaksin “həyati alət” olsa da, təklikdə pandemiyaya son qoya bilməz:
“Biz əlimizdə olan alətlərlə virusa nəzarət etməyi öyrənməli, gündəlik həyatımızı bir-birimizin sağlamlığını qorumaq məqsədinə uyğunlaşdırmalıyıq. Bu isə o deməkdir ki, hər bir kəs və hər bir ailə xəstəliyə yoluxmanın yerli dərəcəsini bilməli və qorunma üçün nə etməyin lazım olduğu barədə düşünməlidir”.
Buna da bax: Anticismlər tez yoxa çıxmır – Qərb mediası
“Ölümlərə təəccüblənmək və vahiməyə düşmək lazım deyil...”
BBC-yə ayrı bir müsahibəsində Kluge deyib ki, qarşıdan gələn payızda Avropa xəstəxanaları koronavirus hallarının kəskin artımı problemi ilə üzləşə bilər:
“Gəlin unutmayaq ki, biz üç fenomenə daxil oluruq. Bunlardan birincisi məktəblərin açılmasıdır. İkincisi isə budur ki, qrip mövsümü başlayır. Üçüncüsü isə qış aylarında əhalinin yaşlı təbəqəsində ölümlərin artmasıdır”.
Ekspertin sözlərinə görə bu səbəbdən də oktyabr və xüsusilə də noyabr ayında ölüm hallarının armasına təəccüblənmək və vahiməyə düşmək lazım deyil.
Kluge əlavə edib ki, ötən martdan fərqli olaraq bu payızda ölkə karantinlərinin elan edilməsi mümkün olmayacaq. Çünki bu, bütövlükdə iqtisadiyyata ciddi təsir göstərə bilər.
Ekspert bundansa, lazım gəldikdə lokal karantinlərin elan edilməsini məsləhət görür.
Onun fikrincə, ötən fevral ayında olduğu kimi karantinlərə deyil, virusun hədəflənməsinə diqqət yetirilməlidir.
Bloomberg-ə müsahibəsində Kluge bunu da vurğulayıb ki, koronavirus pandemiyası “böyük dağıntı” törətsə də, gələcək fəlakətlər üçün bir növ baş məşq olub.
DST rəhbəri Tedros da bildirmişdi ki, dünya bu böhran nəticəsində həmişəlik dəyişəcək.