"40 manat az pul deyil, dörd kiloqram ət edir"
Bakı sakini Saqif Qurbanov AzadlıqRadiosuna deyib ki, Dövlət İmtahan Mərkəzinin 11-ci siniflər üçün sınaq imtahanı 40 manatdır və bu, valideynlər üçün yüksək məbləğdir. O əlavə edib ki, bu məbləğ əvvəl 20 manat olub və həmin vaxt kommunal xərclər də artmamışdı: "Təsəvvür edin ki, bu illərdə yanacağın, qazın, suyun, işığın qiymətində artım baş verib, üstəlik, nəqliyyatda da. İndi yazıq valideyn nə etsin, 40 manat az pul deyil, dörd kiloqram ət edir. İndiki zamanda kasıblar ən azı iki ay ətsiz qalmalıdır ki, uşaq imtahan verəcək? Bu qiyməti qaldıranların kasıbların necə yaşadıqlarından xəbərləri varmı? Ya hər şeyi bilirlər, özlərini bilməzliyə qoyurlar? Nə bilim Vallah...".
"Yeni suallar olsa belə, baha başa gəlmir"
Təhsil üzrə ekspert Kamran Əsədov də sınaq imtahanlarının 40 manat olmasını "kifayət qədər baha" adlandırıb. O bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) imtahan yoxlayan avadanlıqlarının əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) vaxtından qalmadır: (2016-cı ildə TQDK DİM ilə əvəzlənib. DİM publik hüquqi şəxsdir) "Həmin avadanlıqlar da dövlət büdcəsi hesabına alınıb. İkincisi, imtahanda istifadə edilən sualların hamısı köhnədir. Yeni suallar olsa belə, baha başa gəlmir".
Ekspert söyləyib ki, imtahanı təşkil etmək üçün kağız, bina, nəzarətçi, təhlükəsizliyə cavabdeh şəxslər və rəhbərlik lazımdır: "Sınaq imtahanında təhlükəsizlik o qədər də təmin olunmur. İmtahan rəhbəri və zal nəzarətçisi əsasdır. Onların da hər birinə gününə maksimum 20 manat verirlər. Digər xərclərə gələk, üçüncü ixtisas qrupu 40 manat yox, 55 manat ödəyir, əlavə 15 manat da coğrafiya fənnindən alırlar. Amma coğrafiyada ayrıca suallar hazırlamırlar. İkinci qrupun coğrafiya suallarından üçüncü qrup üçün də istifadə edirlər".
Sizin brauzer HTML5-i dəstəkləmir
"15 manat tələb etsin, daha 40 manat da yox"
O deyib ki, bir sual kitabçasında 90 sual var. Onun vurğulamasına görə, testin müəllifinə 1 suala görə 1 manat , yoxlayan ekspertə 50 qəpik verilir: "Beləliklə, 90 sualın xərci çap xərcləri ilə bir yerdə 180 manat edir. Həm də hər şagird üçün ayrıca sual kitabçası hazırlanmır. İmtahanda da 20 min nəfər iştirak edir. Nəzərə alın ki, imtahanların keçirildiyi məktəblərə də yerpulu verilmir, hamısı Təhsil Nazirliyinin balansındadır. Ümumilikdə xərc 12 manatı keçmir. Əgər Dövlət İmtahan Mərkəzi gəlir əldə etmək istəyirsə, 12 manatın üstünə 3 manat qoyub 15 manat tələb etsin, daha 40 manat da yox".
K.Əsədovun sözlərinə görə, 2016-cı ildə 60, 70 min imtahan biletləri çıxarılırdı, 10 dəqiqəyə satılırdı: "İndi 10 gündür elan ediblər, bir çoxu imtahana yazılmayıb. Bu, ciddi məsələdir. Sınaq imtahanı imtahana hazırlaşmaq üçün yeganə vasitədir və sınaq imtahanı qəbul imtahanı qədər vacibdir".
Sizin brauzer HTML5-i dəstəkləmir
"…Bəzi yerlərdə də pulsuzdur"
K.Əsədov deyib ki, dünya ölkələrində də sınaq imtahanı ucuz və ya pulsuzdur: "Məsələn, Gürcüstanda Azərbaycan pulu qarşılığında 12 manatdır, Türkiyədə 30 manat civarındadır, bəzi yerlərdə də pulsuzdur".
DİM-dən izah
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən isə deyiblər ki, onlar publik hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşmirlər: "DİM Nizamnaməsinə uyğun olaraq, əsasən, imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir".
Mərkəzdən əlavə edilib ki, sınaq imtahanlarının qiymətində hər hansı bir dəyişiklik yoxdur: "Xatırlayırsınızsa, bu növ sınaq imtahanları 2020-ci ilin əvvəllərində də keçirilmişdi və eyni qiymət idi. Daha sonra pandemiya şəraitinə görə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanları keçirilmədi".
Sizin brauzer HTML5-i dəstəkləmir
DİM-dən bildirilib ki, hər hansı bir imtahanda iştirak üçün tələb olunan ödənişin müəyyən edilməsi üçün ətraflı araşdırma aparılır.
Habelə qeyd edilib ki, DİM abituriyentlər üçün əlavə bir imkan kimi otk.az portalı vasitəsilə onlayn sınaq imtahanları da keçirirlər: "Bu imtahanların keçirilməsinə az vəsait sərf olunur və qiymət 1, 3 və ya 5 manatdır".
Deputat Jalə Əliyeva da məsələ ilə bağlı deyir ki, bazar iqtisadiyyatı şəraitində yaşadığımızdan məvaciblər də qiymət artımına uyğun şəkildə tənzimlənir: "Belə olan halda sınaq imtahanlarının qiymətinin artırılması anormal bir şey kimi qarşılanmamalıdır. Çünki biz 10-15 il əvvəlki səviyyədə yaşamırıq, həyat şəraiti dəyişir, gəlirlər artır. Hər gün məvaciblər artdıqca ona da uyğun olaraq qiymətlər də dəyişir, bunu da normal qəbul etmək lazımdır".
Xatırlatma
Prezident İlham Əliyev 2016-cı ildə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması barədə fərman verib. Azərbaycanda elə 2016-cı ildən imtahan xərcləri dövlət büdcəsindən verilmir. Həmin il qəbul imtahanları üçün 20 manat müəyyən edilmişdi.