Deputatların etika qanununa dəyişikliklər işə düşdü

Milli Məclis

«Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında» Qanuna dəyişikliklər qüvvəyə minib. Azərbaycan prezidenti dekabrın 18-də bəzi deputatların narazı qaldığı dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərdə nələr var

«Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında» Qanunun üç maddəsinə dəyişiklik edilir. Qanunun 12-ci maddəsinə edilmiş dəyişiklik texniki məzmunludur.

Qanunun 10-cu maddəsinə 10.1-1-ci və 10.3-cü maddələr əlavə olunub.

Əlavə olunan 10.1-1-ci maddəyə görə, deputat xidməti vəzifələrinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul və təklif edə bilməz.

55 manat məsələsi...

10.3-cü maddə isə deputatın üzərinə vəzifə qoyur ki, ona maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduqda onlardan imtina etsin. Deputat ondan asılı olmayan səbəbdən maddi nemətləri, güzəştləri qəbul etmiş olarsa, bu barədə parlamentin İntizam komissiyasını məlumatlandırmalıdır. Deputat həm də 55 manatdan bahalı hədiyyələri Milli Məclisin Aparatına təhvil verməlidir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Deputatlara nə qadağan olunsun?

Qanunun 11-ci maddəsi isə tamamilə dəyişdirilib. Maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı olan həmin maddənin indiyədək qüvvədə olmuş mətnində qeyd edilirdi ki, deputatlar qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqlarından ötrü istifadə etməməlidir. Deputat habelə, xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarandıqda Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir.

11-ci maddənin yenilənmiş mətnində əvvəlki tələblərin dairəsi xeyli genişləndirilib.

Maraqlar toqquşması

Həmin maddənin 1-ci hissəsində yazılır ki, deputat səlahiyyət müddətindən sonrakı dövrdən ötrü digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir.

11.2-ci maddə deputatın üzərinə vəzifə qoyur ki, xidməti vəzifələrinin icrası ilə maraqları arasında ziddiyyət yarandıqda həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat versin. Habelə, komissiyanın rəyini öyrənsin və həmin rəyə uyğun davransın.

Bundan başqa, Milli Məclisin İntizam komissiyasının maraqlar toqquşması barədə rəyləri parlamentin internet səhifəsində yayılmalıdır.

11-ci maddə eləcə də, deputatların üzərinə hər hansı maraqlı tərəflərlə keçirdiyi görüşlər barədə məlumatları ictimaiyyətə açıqlamaq vəzifəsi qoyur.

Xatırlatma

Azərbaycan parlamenti bu dəyişiklikləri bir müddət müzakirə etmişdi.

Həmin vaxt bəzi deputatlar onun əleyhinə çıxmışdı. Onlardan Fazil Qəzənfəroğlu demişdi ki, belə bir qanun layihəsi əslində deputatların hüquqlarının məhdudlaşdırılmasıdır.

«Report» agentliyinin xəbərinə görə, başqa bir deputat Aqil Abbas isə oktyabrın 30-da dəyişikliklərə münasibət bildirərkən belə demişdi: «13 ildir ki, deputatam, heç kəsdən hədiyyə almamışam. Məsələn, getmişəm Füzuliyə, qiyməti 150 manat olan qoyun veriblər. Nə etməliyəm, qoyunu kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?».