Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) dünən, iyunun 11-də açıqlayıb ki, ölkədə 1676.1 min nəfər (2020-ci il mayın 1-nə olan məlumata görə) muzdla işləyən var. Halbuki, Azərbaycanda 5.2 milyon civarında məşğul insan olduğu bildirilir. Üstəlik, artıq bir neçə ildir ki, rəsmilər ölkədə kölgə iqtisadiyyatı ilə mübarizəni gücləndirdiklərini bəyan ediblər. DSK-nın məlumatına görə, son bir ildə ölkədə rəsmi muzdla işləyənlərin sayı cəmi 92 min nəfər artıb. Əgər ölkədə, bəyan edildiyi kimi, əhali artırsa və kölgə iqtisadiyyatı ilə mübarizə aparılırsa, onda muzdla işləyənlərin cəmi 92 mani artıb, 1.6 milyon nəfərdə qalmaları nəyin göstəricisidir?
Buna da bax: 'ÜDM-in azalması rəsmi rəqəmdən çoxdur'
"Bu rəqəmlər reallığı əks etdirmir"
"Muzdlu işçilərin sayının artması ilə bağlı Dövlət Statistika Komitəsi (DSK) həmişə müəyyən statistik rəqəmlər açıqlayır, amma bu rəqəmlər reallığı əks etdirmir".
Bunu AzadlıqRadiosuna iqtisadçı-ekspert Qalib Toğrul bildirib.
Ekspertin vurğulamasına görə, bu artım varsa, özünü Dövlət Pensiya Fonduna ödəmələrdə göstərməli idi, amma həmin ödənişlərdə də əhəmiyyətli artım yoxdur: "Əgər muzdlu işçilərin sayı artırsa, o zaman Pensiya Fonduna ödənişlər də artmalıdır. Hətta mülki- hüquqi müqavilələrlə işə düzələn işçilər belə, Dövlət Sosial Müdafiə Fonduna ödəmələr etməlidir. Bunları görmürük".
Q.Toğrul deyib ki, daha bir tendensiya hazırda koronavirus pandemiyası ilə bağlı dünyada əmək müqavilələrinə xitam verilməsi, hüquqi işçilərin sayının azaldılması, işsizliyin səviyyəsinin artmasıdır, Azərbaycanda isə bu proses getmir: "Bunun məntiqi izahı budur ki, bəzi dövlət qurumları bu məsələyə nəzarət edir, sahibkar da işçiləri işdən azad edə bilmirlər".
Onun fikrincə, pandemiya dövründə biznes çox sürətli kiçilməyə getməli, öz xərclərini mümkün qədər azaltmalıdır, çünki gəlirləri böyük səviyyədə azalıb: "Məsələn, turizm sektorunda heç bir otel fəaliyyət göstərmir, bu halda işadamı işçiləri niyə saxlamalıdır ki? Son günlərə kimi ictimai iaşə də həmin problemi yaşayırdı, digər belə sahələr də var".
Buna da bax: Elan edilən islahata iki fərqli yozum
(Koronavirusla bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib, bir sıra iş və xidmət sahələrində fəaliyyət dayandırılıb. Amma may ayından karantin xeyli yumşaldılıb-red.)
"Kölgə iqtisadiyyatı ilə mübarizəyə gəlincə isə..."
Kölgə iqtisadiyyatı ilə mübarizəyə gəlincə, ekspert yeganə səmərəli islahat kimi vaxtilə Vergilər Nazirliyinin apardığı siyasəti qeyd edir (2019-cu ilin oktyabrında Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib-red). Hərçənd, o əlavə edib ki, bu, tam gözlənilən nəticəni verməyib.
İqtisadçı deyib ki, şirkətlər əmək haqqından gəlir vergisindən azad edildilər, bəziləri 2019-cu ilin yanvarından öz işçilərini rəsmiləşdirməyə, əmək haqlarını da olduğu kimi göstərməyə başladılar: "Çünki artıq bu onlara sərf edirdi, böyük vergi yükündən azad olmuşdular".
Amma ekspertə görə, digər nazirlik və qurumların kölgə iqtisadiyyatı ilə mübarizədə fəaliyyətlərini səmərəli saymaq olmaz.
"Hesablamalar düzgün aparılmır"
"Əslində, işçi sayı ilə bağlı hesablamalar düzgün aparılmır, hesablamalar düzgün aparılsa, ölkədə işsizlərin sayının daha çox olduğu görünər". Bunu isə "Turan" agentliyinə deputat Razi Nurullayev bildirib.
R.Nurullayev hesab edir ki, ölkədə kölgə iqtisadiyyatı ilə mübarizə çox səthi gedib: "Əmək müqavilələrinin imzalanması ilə bağlı məsələ "ASAN xidmət"ə həvalə edilmişdi. Bunun nəticəsində 80 minə yaxın işçi müqaviləsi imzalandı. Bu da çox cüzi rəqəmdir. Əslində, belə şəxslərin sayı 100 minlərlə ölçülür".
Buna da bax: Ölkədə nə qədər işsiz var?
"Bu hallar davam etdikcə..."
Deputatın fikrincə, hələlik, ölkə iqtisadiyyatının kölgədən çıxması real görünmür. Amma o hesab edir ki, artıq bu məsələ kəskin qoyulur: "Bu məsələ kəskin olmasa idi, dövlət başçısı İlham Əliyev iclasların birində bu tip şirkətləri kimlərinsə himayəsindən çıxmağa, şəffaf fəaliyyət göstərməyə çağırmazdı".
Onun deməsinə görə, ölkə iqtisadiyyatı o zaman tam şəffaf olacaq ki, məmurlar gəlir deklarasiyalarını açıqlayacaq. Deputatım fikrincə, indi isə elə şirkətlər var ki, hələ də ikili mühasibatla işləyir, maaşın çox hissəsi zərflə ödənir: "Bu hallar davam etdikcə, kölgə iqtisadiyyatından çıxmaq mümkün olmayacaq".