Mingəçevirdə cəbhəçiyə 15 sutka verilib

Ceyhun Rzayev

Oktyabrın 4-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ceyhun Rzayev inzibati qaydada həbs olunub.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib. AXCP-dən bildirilib ki, C.Rzayev həbsdə olan bloqerlər Elçin Həsənov və İbrahim Türksoyun azadlığı tələbi ilə Mingəçevirdə təkadamlıq etiraz aksiyası keçirib: "Oktyabrın 4-də saat 17:30 radələrində Ceyhun bəy Elçin Həsənzadənin və İbrahim Türksoyun həbs olunmalarına etiraz edərək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısının avtomobilinin ön şüşəsinə onların şəkillərini qoyub, polis tərəfindən saxlanıb. Onu polis idarəsinə, sonra isə məhkəməyə aparıblar və nəticədə 15 günlük həbs ediblər".

Mingəçevir Şəhər İcra Hakimiyyətindən "Turan"a belə bir hadisənin olmadığı bildirilib.

Buna da bax: Cəbhəçi DTX-ya çağırıldığını deyir

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov isə agentliyə deyib ki, C.Rzayevi Mingəçevir şəhərində ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol verdiyi üçün polis əməkdaşları intizama dəvət edib: "Lakin həmin şəxs polisin qanuni tələbinə məhəl qoymayıb və hərəkətlərini davam etdirib. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub, baxılması üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Ceyhun Rzayev 15 gün müddətinə inzibati qaydada həbs olunub".

Qurumdan qeyd olunub ki, onun inzibati həbs olunmasında siyasi motiv yoxdur.

Mingəçevir Şəhər Məhkəməsi ilə, hələlik, danışmaq mümkün olmayıb.

Buna da bax: Saatlıda cəbhəçi həbs edilib

Xatırlatma

Bu il martın 2-də Şəkil Apellyasiya Məhkəməsi bloqerlər Elçin Həsənzadə ilə İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay azadlıqdan məhrum edib. Xüsusi ittiham qaydasında iddianı şəhər Mənzil İstismar İdarəsinin rəhbərliyi verib. Rəhbərlik onların Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini istəyib. İddiaya sosial şəbəkələrdə qurumun rəisi haqqında tənqidi yazıların səbəb olduğu bildirilib.

Daha əvvəl Mingəçevir məhkəməsinin qərarı ilə onlar 1 il islah işlərinə cəlb edilməliydilər, bloqerlər hökmdən şikayət veriblər, amma Apellyasiya Məhkəməsi bu cəzanı real həbs cəzası ilə əvəz edib.

E.Həsənzadə, eyni zamanda, hüquq-müdafiə fəaliyyəti ilə məşğul olurdu, keçmişdə isə Sumqayıtda dərc olunan "Yüksəliş naminə" qəzetinin redaktor müavini olub.