Dünən, mayın 1-də səhər saatlarında Yardımlı rayonunun Dəlləkli kənd sakini bloqer Cəlil Zabitovu polislərin saxladığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna onun özü məlumat verib. Bloqerin vurğulamasına görə, səhər saat 10-da Yardımlı şəhər 2 saylı məktəbin yanında olub. Qeyd etməsinə görə, uşağını imtahana gətiribmiş: "Orada polislər məni tutub şöbəyə apardılar. Guya mən polisin əmrinə tabe olmamışam. Məhkəməyə aparacaqdılar, fikirlərini dəyişdilər".
O, fiziki zorakılığa, təhqirə məruz qaldığını söyləyir. Vurğulamasına görə, məqsədləri sosial şəbəkədə yazdığı tənqidi fikirləri pozdurmaq olub: "Təcili yardımda qeydiyyata düşmüşəm. Xəsarətləri qeydə aldılar. Hazırda evdəyəm".
Polis təkzib edir
Yardımlı rayon Polis Şöbəsindən bildirdilər ki, Dəlləkli kənd sakini C.Zabitovla profilaktiki söhbət aparıldıqdan sonra sərbəst buraxılıb: "Profilaktik söhbət aparılıb, ictimai təhlükəsizlik şöbəsində, sahə rəisi tərəfindən. Ona izah olunub ki, məktəbdə imtahanın gedişinə mane olmaq olmaz. Onun övladı imtahan verirdi. O da imtahanın gedişinə müdaxilə etmək istəyirdi".
Polisdən bloqerin fiziki zorakılığa, təhqirə məruz qalması ilə bağlı onun dedikləri təkzib edilib.
Bloqer, "Demokratiya 1918" Hərəkatının üzvü C.Zabitov bu ilin fevralın 7-də inzibati həbsdən buraxilıb. O, həbsdən çıxandan sonra AzadlıqRadiosuna demişdi ki, Yardımlı rayon Məhkəməsinin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 25 sutka həbs olunub. "Rayonda baş verən özbaşınalıqlar barədə sosial şəbəkələrdə məlumatlar yayıram. Birinci dəfə deyil həbs olunuram. Məqsədləri məni susdurmaqdır", - o vurğulayırdı. Onda onun dediklərinə Daxili İşlər Nazirliyi, Yardımlı rayon Məhkəməsi və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı. Amma rəsmilər, bir qayda olaraq, sifarişli həbslərlə bağlı deyilənləri qəbul etmirlər.
Xatırlatma
C.Zabitov ondan əvvəl isə daha uzun müddətə həbs edilmişdi. Bir dönəm müəllim işləyən C.Zabitov 2020-ci ilin mayında Yardımlı rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 5 ay həbsə məhkum edilmişdi. C.Zabitov Yardımlı sakinlərindən birinə qarşı xuliqanlıqda günahlandırılmışdı. Həbsindən öncə o, sosial şəbəkələrdə və müxtəlif internet kanallarında Yardımlıda problem saydığı məsələlərdən bəhs edirdi. C.Zabitov materialları daha çox Facebook-dakı "Korrupsiyaya yox de" səhifəsində yayımlayırdı.