'Bütün məhbuslar testdən keçirilməlidirlər'

Həbsxana

"Qardaşım Saleh Rüstəmov bu günlərdə mənimlə telefon əlaqəsi saxladıqda dedi ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhbuslar çoxdur".

Bunu 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan, hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov deyir.

2018-ci ildə saxlanan Saleh Rüstəmov çirkli pulların yuyulmasında günahlandırılaraq 7 il 3 ay həbs cəzası alıb. O, məhkəmədə ittihamları qəbul etməyib.

Buna da bax: 'Azərbaycanda cəzaçəkmə müəssisələrində sıxlıqdır'

"...Təmasda olduqları şəxslər cəzaçəkmə müəssisəsində qalırlar"

T.Rüstəmovun AzadlıqRadiosuna bildirməsinə görə, S.Rüstəmov habelə vurğulayıb ki, cəzaçəkmə müəssisəsində təqribən 15 gün öncə bir dəfə test yoxlaması olub, 90 nəfərə yaxın adam aparılıb, amma həmin adamların təmasda olduqları şəxslər hələ də cəzaçəkmə müəssisəsində qalırlar. T.Rüstəmovun vurğulamasına görə, qardaşı əlavə edib ki, onların da qızdırmaları var.

S.Rüstəmovun özünün vəziyyətinə gəlincə, T.Rüstəmov qeyd edib ki, qardaşının bildirməsinə görə, onun əllərində və ayaqlarında səpgilər var: "Amma cəzaçəkmə müəssisəsi daxilindəki tibb bölməsinin lazımı avadanlıqları yetərli deyil...".

Sizin brauzer HTML5-i dəstəkləmir

Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"

"Qızdırmalı xəstə çoxdur"

T.Rüstəmov hesab edir ki, indiki halda ən əsas məsələ məhbusların hamısının test yoxlamasından keçirilməsidir. O əlavə edib ki, aldıqları məlumata görə, daxildə qızdırmalı xəstə çoxdur və onlar nəzarətə götürülməlidir: "Belə hallarda test nəzarəti davamlı olmalıdır, əks halda isə, bu, xəstəliyin yayılmasına münbit şərait deməkdir. Digər tərəfdən, bu dustaqlar hələ də qış geyimindədirlər, bunlara paltar da verilmir, ailələri tərəfindən göndərilən yemək də qəbul edilmir, müəssisədə verilən ərzağın keyfiyyəti yaxşı deyil. Daha bir mənfi xüsusiyyət budur ki, xəstəliyin həyəcanı və s. amillər daxildə dustaqlar arasında ciddi aqressiya yaradıb, bu, gözlənilməz hallara səbəb ola bilər".

Buna da bax: Məhbus anası: 'Oğlum bahalığa etiraz etdiyinə görə cəzalandırılıb'

"Turan" agentliyi T.Rüstəmovun dilə gətirdiyi bu narahatlıqla bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovla əlaqə saxlayıb. Agentliyin xəbərinə görə, o qeyd edib ki, bunlarla bağlı (məhbusların səhhəti nəzərdə tutulur) Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət etmək lazımdır. Həmin İdarədən isə, hələlik, suallara cavab almaq mümkün olmayıb.

Müəssisədə verilən ərzağın keyfiyyətsiz olması ilə bağlı deyilənləri isə Penitensiar Xidmətdən bundan əvvəl təkzib etmişdilər.

Koronavirus pandemiyası ilə bağlı mart ayının əvvəllərindən yaxınlarına məhbuslarla görüşə icazə verilmir, üstəlik, cəzaçəkmə müəssisələrinə sovqat göndərmək də dayandırılıb.

R.Cəfərov

İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov isə deyir ki, Azərbaycan qanunvericiliyinə və ölkənin könüllü qoşulduğu beynəlxalq hüquqi sənədlərə görə, məhbusların təhlükəsizliyinə, sağlamlığına cavabdeh dövlətdir: "İndiki halda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətidir. Yəni, məsuliyyət birbaşa olaraq bu qurumun üzərindədir".

"Vəziyyəti yerində öyrənmək üçün..."

R.Cəfərov deyir ki, vəziyyətdən çıxış yolu kimi ağır cinayət əməli törətməyən, həbs müddətinin bitməsinə bir neçə ay qalmış dustaqları azad etmək, məhbuslar arasında sıxlığı aradan qaldırmaq lazımdır.

Buna da bax: Sizcə, həbsxanalarda işgəncə xəbərləri doğrudur?


Onun fikrincə, müstəqil mövqeli şəxslərdən ibarət bir qrup vəziyyəti yerində öyrənmək üçün rəsmi şəkildə cəzaçəkmə müəssisələrinə buraxılmalı, onlar vəziyyəti araşdıraraq gerçək durum üzə çıxarmalıdırlar.

Deputat Razi Nurullayev isə fərqli düşüncədədir. Onun düşüncəsinə görə, indiki halda heç hakimiyyət də istəməz ki, cəzaçəkmə müəssisəsində vəziyyət pisləşsin: "Daha çox məhbusun koronavirusa yoluxması vəziyyətin daha da ağırlaşması anlamına gəlir, əziyyətini də hökumət özü çəkməli olacaq. Onun üçün də mənə belə gəlir ki, hökumət özü də bu məsələni həll etmək üçün müəyyən yollar düşünür. Əgər orada aktiv xəstələr olsa idi, yoluxma mənbəyi kimi təcrid olunardılar".

R.Nurullayev

R.Nurullayevə görə, xəstə şəxslərin cəzaçəkmə müəssisəsində saxlanmaları inandırıcı görünmür: "Məhbuslar özləri belə düşünür ki, təmasda olmuş insanlar var, onlar potensial virus daşıyıcılarıdır. Amma yəqin ki, onlar yoxlanılıblar, virus daşıyıcıları olmaları təsdiqini tapmayıb. Onun üçün də orada qalmalarına icazə verilib. Əks halda, məlumdur ki, bir xəstə şəxs neçə-neçə insanı xəstələndirə bilir".

Bu il aprelin 6-də prezident əfv sərəncamı verərək yaşı 65-dən yuxarı 176 məhbusu həbsdən azad edib. Habelə, Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, 200-dən çox məhbus da son aylar məhkəmə yolu ilə vaxtından əvvəl həbsdən azad edib. Rəsmilər bu addımları koronavirus pandemiyası ilə bağlı izah ediblər.

Rəsmi açıqlamaya görə, koronavirusa 46 məhbus yoluxub

Mayın 15-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycandakı həbsxanalarda 46 məhbusun koronavirusa yoluxduğunu açıqlamışdı.

Ondan bir neçə gün əvvəl isə Ədliyyə Nazirliyi 33 məhbusda yoluxma halının aşkarlandığını bildirmişdi. Rəsmi açıqlamalara görə, yoluxma halı, əsasən, 13 saylı Cəzaçəkmə Müəssisəsində aşkarlanıb.

Əslində, rəsmi açıqlamalardan əvvəl bəzi məhbusların yaxınları həmin müəssisədə koronavirusa yoluxma hallarının aşkarlandığını iddia edirdilər. Amma əvvəlcə Penitensiar Xidmətdən belə iddialar təkzib edilmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 821 min şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 317 min şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə kimi 3 min 274 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan da 39 nəfərin vəfat etdiyi bildirilib.