'Bəzi məmurlar bizneslərini həyat yoldaşının adına rəsmiləşdirirlər'

Sizin brauzer HTML5-i dəstəkləmir

Qadın sahibkar: 'Məndən rüşvət istəyirlər'

"Qlobal iqtisadiyyatın ikiqat böyüməsi üçün yeganə yüz faizlik yol var. Bu yol qadın sahibkarlığının inkişafıdır". Belə qənaətə "Boston Consulting Group" (BCG) şirkətinin mütəxəssisləri gəlib. Onların araşdırmasına görə, qadın sahibkarların sayı kişi sahibkarların sayı qədər olsaydı, dünyada ümumi daxili məhsulunun artımı 3 faizdən 6 faizə yüksələrdi.

Azərbaycanda son illər rəsmilər qadın sahibkarlığının inkişafda olduğunu deyilir. Ölkədə bu sahədə vəziyyət necədir? Azərbaycanda qadın sahibkarlığı hansı problemlərlə üzləşir?

İctimai fəal Rəbiyyə Məmmədova AzadlıqRadiosuna deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qadınların özünüməşğulluğu ilə bağlı proqramına qoşulmaq üçün 10 ay bundan əvvəl müraciət edib: "Proqram Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Mən bu proqrama onlayn şəkildə müraciət etdim. Təxminən 20 gün sonra əlaqə saxlayıb dedilər ki, müraciətim qeydə alındı və mənimlə əlaqə saxlanılacaq".

R.Məmmədova

"Altı ay keçməsinə baxmayaraq..."

Lakin R.Məmmədovanın sözlərinə görə, altı ay keçməsinə baxmayaraq, onunla əlaqə saxlayan olmayıb: "Nazirliklə əlaqə saxlayanda məni 4 saylı Binəqədi Məşğulluq Mərkəzi ilə əlaqələndirdilər. Oradan da dedilər ki, mənimlə əlaqə saxlanılacaq. Üstündən iki ay da keçdi və ortada yenə heç nə olmadığına görə mən Məşğulluq Mərkəzinə getdim. Bu dəfə mənə dedilər ki, onlayn müraciət qeydə alınmayıb, yazılı şəkildə müraciət edin. Müraciət etdim".

O qeyd edib ki, təxminən iki həftədən sonra təlimlərə cəlb olunub: "Təlimdən sonra biznes planı yazıb Məşğulluq Mərkəzinə təqdim etmişəm. İndi isə mənə deyirlər ki, avqustun axırı – sentyabrın əvvəli qiymətləndirmə olacaq".

"Bu müddət ərzində işsiz qalmışam"

R.Məmmədovanın vurğulamasına görə, qiymətləndirmədən əvvəl ona eşitdirilib ki, o, kiçik dərzi sexi üçün müraciət etsə də, bu, mümkün olmayacaq: "Halbuki, proqramın əvvəlində bu mənə deyilməmişdi, yazılmamışdı ki, proqram çərçivəsində dərzi sexi üçün bəzi ləvazimatları almaq üçün dərzilik bilməlisən. Üstündən bir il keçib, amma hələ bilinmir ki, məni, ümumiyyətlə, imtahandan keçirəcəklər, ya yox. Mən bu müddət ərzində işsiz qalmışam".

Sizin brauzer HTML5-i dəstəkləmir

'Bəlkə də Bakıda yeganə dülgər qadın mənəm'

Bu deyilənlərə, hələlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "Turan"a bildirilib ki, Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların sahibkarlıq fəaliyyətində daha geniş təmsil olunması dövlət siyasətinin prioritetlərindəndir: "2021-ci ilin ikinci yarısından etibarən agentliyin Kiçik və Orta Biznesin İnkişaf mərkəzlərinin fəaliyyət coğrafiyası genişlənir. Bu, digər regionlarda da qadınların biznes təlimlərinə cəlb olunmasına imkan verəcək".

Qurumdan bildirilib ki, indiyədək ölkədə sahibkarların maarifləndirilməsi, onların satış bazarlarına və maliyyə resurslarına çıxış istiqamətində dəstək verdikləri sahibkarların 30 faizdən çoxu qadınlardır.

"174 min 329 sahibkarlıq subyekti qeydiyyata alınıb"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən isə bildirilib ki, 2020-ci ildə 174 min 329 sahibkarlıq subyekti qeydiyyata alınıb: "Onlardan 9230-u kommersiya hüquqi şəxs, 165099-u fərdi sahibkardır. Kommersiya hüquqi şəxslərin 14.8 faizinin (1373) təsisçisi və fərdi sahibkarların 20.4 faizi (33742) qadındır. Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir".

N.Cəfərli

"Çox vaxtı parlaq ideyası olan qadınlara..."

İqtisadçı Natiq Cəfərlinin isə AzadlıqRadiosuna xatırlatmasına görə, rəsmi bəyan olunub ki, ölkədə sahibkarların dörddə biri qadın sahibkarlardır: "Amma burada incə bir məqam var. Sadəcə, bəzi məmurlar onlara rəsmi olaraq bizneslə məşğul olmaq qadağandır deyə, öz bizneslərini həyat yoldaşının adına rəsmiləşdirirlər. Bu da rəsmi rəqəmlərin artmasına səbəb olur".

Ekspert qeyd edib ki, Azərbaycanda bizneslə məşğul olmaq çox çətindir: "Bizneslə məşğul olan xanımların sayının az olması biznes mühiti ilə bağlıdır. Amma qadın biznesmenlər üçün başqa çətinliklər də var. Hətta biznes ideyası olanlar tək hökumətin yaratdığı problemlərlə üzləşmirlər, onlar ailə basqısı ilə də üzləşirlər. Çox vaxtı parlaq ideyası olan qadınlara onları həyata keçirməyə elə öz yaxın qohumları imkan vermir".