Bakı qışa hazırdırmı?

Bakıda qış

Noyabrın 10-u günün ikinci yarısından başlayaraq noyabrın 12-dək Azərbaycanda havanın dəyişəcəyi, qeyri-sabit və yağıntılı keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Havalar soyuduqca əhalini ənənəvi sual maraqlandırır - bu il ölkə qışa hazırdırmı?

"Azəristiliktəchizat"dan cavab

"Azəristiliktəchizat" ASC-dən "Turan"a bildirilib ki, istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

Qurumdan deyilib ki, istilik mövsümü dağ və dağətəyi rayonlarda noyabrın 1-dən başlayıb, digər ərazilərdə, o cümlədən Bakıda noyabrın 15-dən nəzərdə tutulub: "Mövsüm ərzində bizə məxsus 554 qazanxana istismar edilməklə 3 min 871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 281 məktəb, 160 uşaq bağçası, 161 səhiyyə müəssisəsi, 1 min 980 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur".

Sizin brauzer HTML5-i dəstəkləmir

Təbii qaz bahalaşmaya bilərdimi?

"Azəriqaz"dan deyilənlər...

"Azəriqaz" İstehsalat Birliyindən (İB) də agentliyə deyilib ki, qurumun rəhbərliyi işçilərinin qarşısında belə bir tələb qoyub – ilin bütün fəsli qışa hazırlıqdır: "Min kilometrlərlə boru xətlərinin yenisi ilə əvəzolunması, yeraltı xətlərin yerüstü xətlərlə əvəz olunması, qazpaylayıcı şəbəkələrin daim saz vəziyyətdə olması və hissələrinin dəyişməsi prosesi ilin istənilən fəsillərində aparılır".

"Azərişıq"...

"Azərişıq" ASC-dən də bildirilib ki, respublika ərazisində qış mövsümündə istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün genişmiqyaslı tədbirlər həyat keçirilib: "Mövsümi xarakterli işlərin görülməsi tədricən tarixin arxivinə qovuşur. Belə ki, həyata keçirilən yenidənqurma və bərpa işləri müasir metodlarla aparıldığından görülən tədbirlər bütün fəsillər üçün keçərlidir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Koronavirus vaxtı işığı kəsilən Qəbələ sakini: 'Dedim indi çətin vəziyyətdi, dedilər yox'

Bakı Şəhər İcra Hakimiyyəti...

Bakı Şəhər İcra Hakimiyyətindən də agentliyə deyilib ki, paytaxtın bütün rayonlarında təsdiq olunmuş tədbirlər planına uyğun payız-qış mövsümünə hazırlıq davam edir: "Şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra təmir işləri aparılıb, əlavə tədbirlər görülüb".

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli AzadlıqRadiosuna bildirib ki, dünya praktikasında qış mövsümünə keçidlə bağlı şəhər təsərrüfatının idarə olunmasında geniş təcrübə var: "Orada müəyyən aspektlər var. Onlardan biri kommunal sistemlərin bərpası, yenidən hazırlanması və müəyyən çatışmazlıqların aradan qaldırılması prosesidir, hansı ki, qazanxanalar, istilik sistemlərinə aiddir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda qar: Kimisinə dərd-sər, kimisinə əyləncə

"Korrupsiya xarakterli..."

Ekspert deyir ki, digər məsələ avtomobil yollarının qışa hazırlığı ilə bağlıdır: "Rusiyada, Skandinaviya ölkələrində qış sərt olduğuna görə öncədən duz, qum qarışıqları və bu kimi materiallar tədarük olunur. Bunkerləşdirilir və oradan da mövsümün sərt dövründə yollarda buzlaşmanın aradan qaldırılması üçün tətbiq olunur".

Onun sözlərinə görə, Azərbaycanda mövsümdən mövsümə keçid daha çox korrupsiya xarakterlidir. Ekspertin fikrincə, qışa hazırlıq ilə bağlı ayrılan maliyyə vəsaitlərinə nəzər yetirilsə, görünər ki, görülən iş ona adekvat deyil: "Məsələn, yolları buz bağlayır, texnika çatışmazlığı baş verir, nəticədə isə zəncirvarı qəzalar olur. Düzdür, son illər bir qədər qum-duz qarışıqlarını bəzi prospektlərin ortasında qoyurlar. Amma gecə ilə qəflətən qar, şaxta bizi yaxalayanda yolların buzlaşmasının və şəhərin iflic vəziyyətinə düşməsinin şahidi oluruq".

İ.Hüseynli qeyd edib ki, yeni binalarda istilik sistemləri normal işləsə də, köhnə binalarda problemlər mövcuddur: "Özəl binalarda müəyyən işlər görülür, amma SSRİ dönəmindən qalmış binaların böyük əksəriyyətində istilik sistemi ilə bağlı vəziyyət bərbaddır və qışa hazır deyillər".