Dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət isə birmənalı dəyərləndirilmir. Beynəlxalq təşkilatlardan bununla bağlı gələn tənqidləri də hakimiyyət rəsmiləri qərəzli sayırlar.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir:
"Bu yolda xeyli işlər görülüb"
"Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev bu yolu seçib. Bu yolda xeyli işlər görülüb. Ölkədə ölüm hökmü ləğv edilib. Halbuki, ABŞ-ın bir çox ştatlarında hələ də ölüm hökmü var. Ulu öndər Heydər Əliyevin dövründə senzura ləğv olunub. Bu isə azad mətbuat deməkdir. Azərbaycan prezidenti cənab İlham Əliyev də demokratik inkişaf yoluna sadiqdir".
Deputatın sözlərinə görə, Azərbaycanda söz və ifadə azadlığı, sərbəst toplaşma azadlığı təmin edilir. Deputatın vurğulamasına görə, bəzən onların siyasi opponentləri sərbəst toplaşmaq azadlığı ilə bağlı məsələni çox qabardırlar. Onun fikrincə, sosial bazası olmayan siyasi qruplaşmalar həmişə günahı kimdəsə axtarırlar:
Sizin brauzer HTML5-i dəstəkləmir
"Şəhərin kənarında əhalini toplaya bilmirlər"
"Azərbaycan dövlətinin mövqeyi belədir: şəhərin mərkəzində, insanların istirahət etdiyi yerdə onlara mane olmaq olmaz, təhlükəsizliklərinə təhdid yaratmaq olmaz. Qarşıdurmada uşaqlar ayaq altında qala bilər. Budurmu demokratiya? Dövlət bu məqsədlər üçün Qaradağ rayonunda xüsusi yer ayırıb və şəhərin mərkəzindən ora rahat çatmaq olar. Amma onlar imtina edir, çünki şəhərin kənarında mitinq keçirmək üçün əhalini toplaya bilmirlər".
O qeyd edib ki, ölkədə azad internet fəaliyyət göstərir: "Hər bir insan sosial şəbəkələrdən istədiyi kimi istifadə edir və hətta bir çox hallarda sosial şəbəkələr xaos məkanına çevrilib. İstədiyi adamı təhqir etmək, nüfuzuna xələl gətirmək olar".
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə fərqli düşünür. O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra zaman-zaman siyasi fəaliyyətlə bağlı müəyyən məhdudiyyətlər olub: "Həm qanunvericilikdə, həm də praktiki fəaliyyətdə. Bunun müxtəlif səbəbləri var".
"Siyasi iradə lazımdır"
Onun fikrincə, demokratik idarəçilik prinsiplərinin olmaması, qanunvericilik bazasının təkmilləşməməsi problemlərin yaranmasına gətirib çıxardıb: "Uzun illərdir bu proses davam edir və biz bu istiqamətdə ciddi irəliləyiş əldə etmədik".
B.Süleymanlı deyib ki, Azərbaycanda fundamental azadlıqlar təmin edilmir: "Siyasi azadlıqlar təmin edilmir, mülkiyyət, ədalətli mühakimə hüququ pozulur. Bütün bu proseslər davam edir və həll olunmur".
Onun fikrincə, bunları aradan qaldırmaq üçün siyasi iradə lazımdır: "Hakimiyyət qərar versə ki, idarəçilik artıq demokratik prinsiplər əsasında qurulacaq, vətəndaş cəmiyyətinin iştirakı təmin olunacaq, müstəqil siyasi partiyaların fəaliyyətinə şərait yaradılacaq, onda biz bu istiqamətdə ciddi irəliləyiş görəcəyik".
Xatırlatma
Bu yaxınlarda "Freedom House" beynəlxalq insan haqları təşkilatı "İnternet azadlığı-2021" illik hesabatını açıqlamışdı. 35 şərti bal toplamaqla Azərbaycan "interneti azad olmayan ölkə" adlandırılmışdı. Hesabatda Qafqaz dövlətlərindən Gürcüstan 77, Ermənistan 71 bal toplamışdı. Bu ölkələrdə vəziyyət Azərbaycandan daha yaxşı qiymətləndirilir.