AXCP üzvü 20 sutka həbs edilib

Tehran Abdullayev

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, Suraxanı rayon şöbələrinin fəalı Tehran Abdullayev saxlanıb.

Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, o, oktyabrın 15-də saxlanıb.

AXCP-dən onun hansı səbəbdən saxlandığını dəqiqləşdirə bilmədiklərini söyləyirlər: "Biz onun konkret hansı səbəbdən saxlanıldığını bilmirik, amma güman ki, polisə müqavimət ittihamıdır. Onu bilirik ki, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Həftənin sonuna düşdüyündən vəkil order alıb onunla görüşə bilməyib".

Vəkil həbsdə olan AXCP üzvü ilə görüşüb

Vəkil Nemət Kərimli bu gün, oktyabrın 21-də dörd gün əvvəl inzibati qaydada həbs olunan AXCP üzvü Tehran Abdullayev ilə görüşüb.

N.Kərimli deyir ki, T.Abdullayevin sözlərinə görə, o, polis əməkdaşının şəkilini çəkməsi bəhanəsi ilə həbs olunub: "Tehran dedi ki, oktyabrın 15-də Bakıda tikinti materialları mağazasında alış-veriş edərkən ona polis əməkdaşı yaxınlaşıb və onun şəklini hansı məqsədlə çəkdiyini soruşub. Tehran cavabında heç kimin şəklini çəkmədiyini deməsinə baxmayaraq, onu saxlayaraq Nəsimi rayon 20-ci polis bölməsinə aparıblar".

N.Kərimli vurğulayır ki, orada T.Abdullayev barəsində protokol tərtib ediblər və məhkəməyə göndəriblər: "Məhkəmə barəsində 20 sutka inzibati həbs tədbiri seçib. Lakin Tehran onun hansı inzibati xətada ittiham olunduğunu bilmir".

Vəkil bildirib ki, AXCP üzvünün sözlərinə görə, o, siyasi fəaliyyəti ilə bağlı həbs olunub.

Hələlik, bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hazırda müxalifətdə olan AXCP-nin 10-a qədər fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.