AXCP fəalına Xırdalan qəbiristanlığına görə 8 ay həbs cəzası kəsildi

Q.Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Qorxmaz Əliyevə hökm oxunub. İyunun 4-də Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 8 ay həbs cəzası kəsilib. Q.Əliyev CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə) və 322-ci (özbaşınalıq) maddələri ilə təqsirli bilinib.

Q.Əliyev həbsindən öncə sosial şəbəkələrdə Xırdalan qəbiristanlığında baxımsız məzar daşlarının sökülməsi, həmin qəbir yerlərinin başqalarına satılması barədə materiallar paylaşırdı. Bu paylaşımlarından bir müddət sonra onun özünün barəsində elə Xırdalan qəbiristanlığına görə cinayət işi başlandı, həbs edildi. İddia olunur ki, Q.Əliyev qəbiristanlıqda 130 metrlik daş hasarı bələdiyyənin razılığı olmadan ekskavatorla söküb. Bununla da Xırdalan şəhər bələdiyyəsinə 5 min 658 manat ziyan vurub. İttihamda vurğulanır ki, Q.Əliyevin məqsədi "kütləyə özünü xeyirxah adam kimi göstərib, nüfuz qazanmaq" olub.

"Məqsədim hasarı yeniləmək idi"

Q.Əliyev isə özünü təqsirli bilmir, siyasi baxışlarına və köhnə qəbirlərin məhv edilib, o yerlərin satılması haqda paylaşımlarına görə həbs olunduğunu bildirir. Deyir ki, 130 metrlik hasarı sökməsi haqda ittihamda yazılanlar da, bələdiyyəyə 5 min 658 manat ziyan vurması barədə ekspert rəyi də yalandır: "Orada 30 metrlik uçuq-sökük çəpər vardı. Bunu təqdim etdiyimiz videolar, fotolar da sübut edir. Mənim məqsədim hasarı yeniləmək idi".

Q.Əliyevin sözlərinə görə, o, Xırdalan qəbiristanlığında təmənnasız bulaq tikib, təmizlik işləri aparıb, daha sonra dağılmış çəpərlərin bərpasına başlayıb.

İkinci qrup əlil olan Q.Əliyev ötən ilin oktyabrından həbsdədir. Ona kəsilmiş 8 aylıq həbs cəzasının müddəti iyunun 18-də başa çatacaq.

AXCP onlarla fəalının siyasi baxışına görə həbs olunduğunu deyir. Azərbaycanda rəsmilər isə, bir qayda olaraq, insanların siyasi fəaliyyətlərinə görə şərlənərək həbs olunması haqqında deyilənləri qəbul etmirlər.