Azərbaycan 47 min avrodan çox ödəməlidir

Sizin brauzer HTML5-i dəstəkləmir

'Başlarına torba keçirib boğublar' - Gəncədə tutulanların anaları

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 10-da Azərbaycanla bağlı bəzi qərarlarını elan edib. Məhkəmə qərarlarına görə, Azərbaycan ümumilikdə 47 min 500 avro təzminat və xərclər ödəməlidir.

Onlardan biri 2018-ci il Gəncə hadisələri zamanı öldürüldüyü bildirilən Anar Bağırovun yaxınlarının şikayəti ilə bağlıdır.

Şikayətdə bildirilir ki, 2018-ci il iyulun 12-də Gəncə iğtişaşlarının törədilməsində şübhəli bilinən A.Bağırov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. Hakimiyyətə yaxın media orqanlarında onun silahlı müqavimət göstərdiyinə görə öldürüldüyü vurğulanıb. Məhkəmə bu işdə iddia olunan pozuntuları tanıyıb, Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulmasına qərar verib. Hökumət ərizəçiyə (bacısı Aynur Bağırova) mənəvi zərər və xərclər əvəzi 32 min avro ödəməlidir.

"Gəncə işi" barədə

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) sui-qəsd olub. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd ittihamda terror aktı kimi dəyərləndirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.

Bu cinayət işi üzrə təqsirləndirilən 12 nəfərdən ikisinin – Ağa Sərxani və Anar Bağırovun saxlanılarkən öldürüldüyü açıqlanıb.

Səfərov məhkəmədə bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər.

Keçmiş baş prokuror

AİHM-də qərar verilən işlərdən biri də keçmiş baş prokuror və keçmiş səfir Eldar Həsənovun şikayəti ilə bağlıdır. Şikayət onun vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət vəsaitini təyinatı üzrə yox, başqa məqsədlə xərcləmə, çirkli pulların yuyulması, mənimsənilməsi kimi ittihamlarla tutulması və məhkəməyə qədər həbs edilməsinə aid olub.

Ərizəçinin şikayəti Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (məhdudiyyətlərdən istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanırdı.

Məhkəmə bu işdə ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü və 5-ci maddələrinin pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərclər əvəzi 9 min 234 avro ödəməlidir.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanıb. O, 2022-ci ildə 10 il həbs cəzası alıb.

Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat veriblər.

Hələlik, bu qərarlara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.