Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənovun işi üzrə qərar elan edib.
Hüquqşünas Xalid Ağalıyevin AzadlıqRadiosuna bildirməsinə görə, ərizəçi B.Həsənov 2012-ci ildə onun saxlanması və inzibati həbsi ilə bağlı AİHM-ə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinə əsasən şikayət vermişdi: "Ərizəçi bildirmişdi ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb, heç bir faktiki əsasa söykənməyib. O, həmçinin iddia etmişdi ki, ona münasibətdə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi də pozulub".
AİHM ərizəçinin hər iki iddiasının əsaslı olması rəyinə gəlib. Məhkəmənin qərarına əsasən, hökumət ərizəçiyə 4 min 500 avro təzminat ödəməlidir.
Bu qərara, hələlik, Azərbaycanın cavabdeh rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Şikayətə əsasən, müxalifətdə olan AXCP sədrinin mühafizəçisi B.Həsənova 2012-ci ildə evə gedərkən küçədə tanımadığı bir şəxs yaxınlaşıb, onu ailəsini təhqir etməkdə günahlandırıb. Daha sonra da onları Suraxanı rayon Polis İdarəsinə aparıblar. B.Həsənov polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahlandırılıb, Suraxanı rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka inzibati qaydada həbs olunmuşdu.
Xatırlatma
AXCP sədrinin başqa bir mühafizəçisi Niyaməddin Əhmədov isə ötən il 13 il həbs cəzası alıb. O, Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirli sayılıb. Amma N.Əhmədov və AXCP ittihamı qurama, siyasi sayır. Azərbaycan rəsmiləri isə ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.