Astara şəhərində yaşayan hərbi qulluqçu Eldar Quliyev əlillik almaqla bağlı süründürməçilikdən şikayətlənir. Müharibədə sağlamlığını itirdiyini söyləyən bu şəxsin vurğulamasına görə, böyrək əməliyyatından təzə qayıdıb.
"Atılan mərmidən yanan tankda olmuşam"
44-günlük İkinci Qarabağ müharibəsinin bir həftə sonra bir ilinin tamam olacağını xatırladan E.Quliyevin sözlərinə görə, bu müddət ərzində qarşılaşdığı problemləri həll edilməyib. O əlavə edib ki, sağlamlığını itirsə də, hələ də hərbi xidmətdədir: "2014-cü ildən müddətdən artıq xidmət edən hərbi qulluqçuyam. Hazırda xidməti davam etdirirəm. 2020-ci ilin 44-günlük İkinci Qarabağ müharibəsində də iştirak etmişəm. Orada atılan mərmidən yanan tankda olmuşam, orda yanmışam. Ağır vəziyyətdə tankdan iki hərbi qulluqçunu da xilas etmişəm".
"Əlillik almaq üçün məni get-gələ salıblar"
Onun sözlərinə görə, indiyə qədər müxtəlif xəstəxanalarda olub, müalicə alıb, lakin sağlamlığı tam bərpa olunmayıb: "Canımda 11 qəlpə var idi, bəzilərini çıxartdılar, indi üç qəlpə qalıb. Hazırda sağ qulağım eşitmir, qulaq üçün aparat yazıblar. Yenicə böyrək əməliyyatından çıxmışam. Gözümdə də zəiflik var, eynək taxıram. Sağ gözüm yanmışdi. Sənədlərdə, şəkillərdə dediklərimin hamısı əksini tapıb. Əlillik dərəcəsinin verilməsini gözləyirəm. Hara gedirəm deyirlər ki, sənədlər düzgün doldurulmayıb. Əlillik almaq üçün məni get-gələ salıblar".
Medallarla təltif olunub
E.Quliyev deyir ki, aldığı əməkhaqqı xəstəxana yollarında, dərmanlara xərclənir. Yaşamağa pulu az qalır: "Bir ilə yaxındır ki, xəstəxanalarda müalicə alıram. Bir-iki gün hərbi hissədə oluram, qalan günləri xəstəxanalarda. "Yaşat" Fondu deyir ki, əlillik alandan sonra yardım edə bilərik. Düzgün diaqnoz qoymadıqlarına görə əzab çəkirəm".
O əlavə edib ki, Füzulinin, Cəbrayılın, Xocavəndin işğaldan azad edilməsi ilə bağlı medallarla təltif olunub: "Bütün bunlara baxmayaraq, lazım olsa, ölkəmizin bayrağı altında istənilən yerdə xidmət etməyə hazıram".
"Anam xəstədir. Qaradaşımın da ailəsi..."
E.Quliyev deyir ki, iki uşağı var: "Qardaşım rəhmətə gedib. Anam xəstədir. Qardaşımın da ailəsi üstümdədir, 11 nəfərlik. Həm mən, həm də anam kirayədə qalırıq. İqtisadi durumumuz yaxşı deyil. Müharibə dövründə anama 100 manat pul veriblər, iki dəfə də ərzaq yardımı ediblər".
"Vəd verirlər, icra etmirlər"
Onun deməsinə görə, həyat yoldaşı işləyə bilər, amma iş yoxdur: "Özünüməşğulluq proqramı ilə bağlı evimizdə olublar. Söz verdilər ki, ev şəraitində şirniyyat hazırlamaq üçün həyat yoldaşıma avadanlıq veriləcək. 10 ay keçib, bu günə qədər verməyiblər. Bununla bağlı icra hakimiyyətində də olmuşam. Vəd verirlər, icra etmirlər. Mənim ürəyimi ağrıdan bir məsələ var: Bizi görüşlərə çağırırlar, şəkil çəkdirirlər, yayırlar, amma problemlərimizi həll etmirlər".
"...ala bilmirik"
E.Quliyevin anası Ruqiyyə Quliyeva: "Bir nəvəm də oktyabrın 5-də orduya gedib. Oğlum dövlət klinikalarında və xəstəxanalarında müalicə aldığı vaxt vəsaitləri dövlət ödəyib. Əməliyyatın xərclərini sığorta təşkilatı verib. Amma bəzən özəl klinikalara müraciət etməli oluruq, onlar da pul tələb edirlər. Müalicə üçün dərman yazırlar, pul yoxdur ki, dərmanları alaq. Hazırda 220 manatlıq dərman almalıyıq, ala bilmirik".
Rəsmilərin cavabları
15 saylı Ərazi Məşğulluq Mərkəzinin Astara rayon şöbəsində olduq. Orada bizə bildirdilər ki, E.Quliyevin həyat yoldaşı Vüsalə Quliyevanın adı özünüməşğulluqla bağlı sistemdə var: "İşlə təmin olunmaq üçün müraciət etmiş şəhid valideynlərinin, ailələrinin, qazilərin siyahılarını nazirlikdən bizə göndəriblər. Hamısı işlə təmin olunub. Özünüməşğulluq çərçivəsində Vüsalə Quliyevaya ona görə avadanlıq verilməyib ki, onun həyat yoldaşı qazi Eldar Quliyev işləyir. Hansı gündən əlillik alsa, o gündən də ona avadanlıq veriləcək".
Astara Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Xanverdi Şirinov da deyir ki, E.Quliyevin ailəsinə dəfələrlə kömək göstərilib: "Biz ona kömək etmişik. Yenə yardım edəcəyik…".
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
2020-ci ildə 44-günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Həmin müharibədə Azərbaycan tərəfdən 3 minə yaxın hərbi qulluqçunun həlak olduğu açıqlanıb. Amma yaralananların dəqiq sayı bildirilməyib. Rəsmi məlumata görə, 44-günlük savaşda xəsarət alan hərbi qulluqçulardan 2 minə qədəri əllilik alıb.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.