Bu gün, martın 8-də Bakının mərkəzində "8 Marş - Susa Bilmirik" adlı yürüş keçirilib.
Yürüş iştirakçılarının sözlərinə görə, onlar Azərbaycanda baş verən çoxsaylı qadın qətllərinə, qadın intiharlarına, gender əsaslı ayrıseçkiliyə, məişət zorakılığına, cinsi zorakılığa, azyaşlıların evləndirilməsinə etiraz olaraq bu aksiyanı keçirirlər.
Onlar plakatlar qaldıraraq "Rədd olsun irtıca, yaşasın qadınlar", "Eşit evdən səsləri, vaxtında et həbsləri", "Barışdırma, araşdır" və "Qadın qətlləri siyasidir" şüarları səsləndirərək Bakıda polisin müşayiəti ilə Natəvan heykəlinə qədər yürüş etdilər.
Daha sonra yürüşün bəyanatı səslədirildi. Bəyanatda aksiya iştirakçıları Azərbaycan hökumətindən qadınlara qarşı zorakılıq və qətllərin qarşısını almaq üçün effektiv tədbirlər həyata keçirilməsini tələb edirlər. Habelə, qadınlara qarşı cinayətlərin qanunauyğun və ədalətli şəkildə araşdırılması, cinayətkarların məsuliyyətə cəlb olunması, İstanbul Konvensiyasının qəbul edilməsi və qadınların mübarizəsi üçün bütün maneələrin aradan qaldırılması istənilir.
Aksiya zamanı saxlanan olmayıb, lakin plakatlardan bəzisini polis və mülkigeyimli bir şəxs iştirakçının əlindən alaraq cırıb.
Aksiyaya, orada səslənən fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma aksiyanın gedişində polislərdən biri bildirib ki, bu aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmayıb, bununla belə, bayrama görə onun qarşısını almayıblar. 8 mart - Beynəlxalq Qadınlar Gündür.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Avropa Şurasının "Qadınlara zorakılıq və məişət zorakılığının qarşısının alınması, onunla mübarizə haqqında" İstanbul Konvensiyası 2011-ci ildə Avropa Şurası Nazirlər Kabinetinin İstanbulda keçirilən toplantısında ölkələrin qoşulması üçün açıq elan olunub.
İstanbul Konvensiyası qadınları hər cür şiddətdən, ayrıseçkilikdən qorumağı, qadın və kişilər arasında bərabərliyi təşviq edir.