Təxminən bir il öncə paytaxtın Nizami rayonunda 8-yaşlı Fərəhin yaşadıqları 13-cü mərtəbədən düşüb həyatını itirməsi ilə bağlı anası fərqli fikirdədir. İstintaq bu hadisənin intihar olması - Fərəhin valideynləri arasındakı dava-dalaşa görə özünü pəncərədən atması nəticəsinə gəlib. Anası Dilarə Bağıyeva isə iddia edir ki, uşağı atası atıb.
Fərəhin valideynləri arasında dava sırasında 13-cü mərtəbədən düşməsi iş materiallarıyla da təsdiqlənir. Bunu onun valideynləri də ifadələrində deyiblər.
Buna da bax: Ərinin işgəncələrindən polisə şikayət edən gənc qadın öldürüldü"Otağa girəndə Fərəhi tapmadım"
Hər ikisi etiraf edib ki, ailədə uzun müddətdir ər-arvad arasında tez-tez dava olurdu. Sonuncu dava hadisə günü - noyabrın 27-də yaşanıb.
Vahid Nadirov ifadəsində deyib ki, bu dəfə hamamdakı duş kabinəsinin şüşəsinin sındığına görə əli kəsilib, buna görə də həyat yoldaşıyla mübahisə başlayıb. Onun sözlərinə görə, Fərəh ata-anasının arasına girib, onları sakitləşdirməyə çalışıb: "Dilarə Fərəhə dedi ki, babasına zəng eləsin. Mən telefon xəttini qopardım. Sonra evdən getmək istəyəndə ikisini də saxladım. Fərəhi otağına saldım. Dilarə sakitləşmirdi. Mən mətbəxə girib qapını bağladım, Dilarə dəhlizdə qaldı. Təxminən yarım saat sonra Dilarə "Fərəh, Fərəh" qışqırdı. Otağa girəndə Fərəhi tapmadım...".
Nadirovun sözlərinə görə, uşaq binanın beton çıxıntısının üstünə düşmüşdü.
Buna da bax: Zorakılıq qurbanı qadın: 'Keşkə vaxtında boşanaydım'"Fərəh ağlayırdı ki, atası dayansın"
Ərinin spirtli içki qəbul edib tez-tez onu döydüyünü deyən Bağıyevanın sözlərinə görə, o, boşanmaq istəyib. Amma əri onu və ailəsini öldürməklə hədələyib. Bir dəfə həyat yoldaşından polisə şikayət etsə də, sonradan ərizəsini geri götürüb. İndi deyir ki, o zaman da qorxudan bu addımı atmışdı: "Hadisə günü yenə içkili gəldi. Hamamda duş kabinəsinin şüşəsindən əlinin kəsilməsinin acığını çıxdı. Saçımdan sürüyə-sürüyə yataq otağına apardı, uşaq qaçıb yanıma gəldi. Başımı yerə vuranda burnumdan qan açıldı. Fərəh ağlayırdı ki, atası dayansın...".
Ana deyir ki, uşağını da götürüb evdən getmək istəyib, əri qoymayıb. Onun sözlərinə görə, atası Fərəhi bir otağa salıb, çıxmaması üçün xəbərdarlıq edib. Bir müddət sonra əri evdən çıxanda uşağın olduğu otağa baxan Bağıyeva Fərəhi orada tapmayıb. Əvvəl fikirləşib ki, yəqin uşaq gizlənib. Sonra pəncərənin açıq olması diqqətini çəkib.
Buna da bax: Şiddətə məruz qalan qadınlar necə qorunur1 il 6 ay həbs
Hadisədən sonra Vahid Nadirovun da haqqında cinayət işi başlanıb. O, həyat yoldaşını döyməkdə suçlanıb. Bu günlərdə başa çatan məhkəmə prosesinin nəticəsi olaraq, Nadirov CM-in 133.1 (mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinib. O, 1 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə getdiyi dövrdə azadlıqda olan Nadirov hökm oxunanda məhkəmə zalında həbs olunub.
Bağıyeva isə bununla razılaşmır, o, ərinin Fərəhin ölümünə görə cəzalandırılmasını istəyir. Bu məqsədlə də müxtəlif dövlət orqanlarına şikayətlər göndərib.
Prokurorluq isə bildirir ki, Fərəhin ölümü ilə bağlı cinayət işi hərtərəfli araşdırılıb və hadisənin qəsdən adam öldürmə yox, intihar olduğu sübuta yetirilib.