Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatın üzvü Vəfadar Əliyevin bugün, aprelin 9-da Binəqədi Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka müddətinə həbs olunduğu bildirilir.
Bu barədə AzadlıqRadiosuna ADR Hərəkatından məlumat verilib.
Məlumata görə, V.Əliyev İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda ittiham olunub.
V.Əliyevi aprelin 8-də Bakının Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının saxladığı bildirilir. Hərəkatdan verilən məlumata görə, onu heç bir izahat vermədən evindən götürüb bölməyə aparıblar.
Bu məlumata, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Son günlər bu hərəkatın daha bir neçə fəalı inzibati qaydada həbs və cərimə edilib. Əqidə dostları onların siyasi fəaliyyətlərinə görə şərləndiyini düşünürlər. Amma rəsmilər ölkədə insanların dinc siyasi fəaliyyətlərinə görə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.