Bakı polisi deyir ki, onlar azyaşlı uşağı saxlamayıblar

“Qanunsuz aksiya zamanı azyaşlı uşağın saxlanması xəbəri həqiqətə uyğun deyil”. Bunu Bakı şəhər Baş Polis İdarəsi APA-ya bildirib.
Yerli və xarici mətbuatda aprelin 17-də İctimai Palatanın Bakının “Sahil” bağında keçirdiyi aksiyada azyaşlı uşağın saxlandığı barədə məlumatlar yer alıb.

Bakı şəhər Baş Polis İdarəsi bildirir ki, əslində polis Gülnarə Quluzadənin və onun azyaşlı qızının təhlükəsizliyini təmin etmək məqsədilə aksiya keçirilən ərazidən uzaqlaşdıraraq sərbəst buraxıb: “Onlar hər hansı polis idarəsinə aparılmayıb və barələrində heç bir cəza tədbiri görülməyib”.

Rəsmi məlumatlara görə, aprelin 17-də aksiya iştirakçılarından 65 nəfər saxlanıb. Onlardan 25 nəfərinə xəbərdarlıq olunub, 40 nəfərin isə bəzisi cərimə olunub, digərləri barəsində isə sutkalıq həbs cəzası verilib.
İctimai Palata isə 100-dən çox adamın saxlandığını bildirib.