Niyazovdan sonrakı Türkmənistan və Xəzərin statusu

Türkmənistan demokratik ada olmasa da, yaxın ada ola bilər

Xəzərin statusundan bəhs edəndə, yada düşən ilk dövlətlərdən biri də Türkmənistandır. Xəzər bu dövləti Azərbaycanla hələki bütün mənalarda ayırır – o, təkcə su sərhədi rolunu oynamır, həm də mübahisə predmeti kimi çıxış edir.


Türkmənistan Xəzərin statusuna münasibətdə İranla eyni mövqedə qalmaqda davam edir. Xəzərin statusu ilə bağlı Tehranda keçirilən sonuncu sammitdə bu ölkənin mövqeyinin dəyişəcəyi ehtimal olunsa da bu, baş vermədi. Elə Tehran sammitinin özü də formal xarakter daşıdı. Bu sammit daha çox öz ətrafında blokada hiss edən İrana lazım idi. Təsadüfi deyil ki, sammitdə Xəzəryanı dövlətlərin ərazisindən qonşu ölkələrə qarşı hərbi məqsədlə istifadə etməmək və nüvə enerjisindən dinc məqsədlər üçün yararlanmaq hüququ haqqında çağırışlar eşidildi. Amma etiraf etmək lazımdır ki, indi Türkmənistan keçid dövrünü yaşayır. Bu, avtoritarizmdən demokratiyaya keçid dövrü deyil. Türkmənistanın indiki tarixi daha çox Stalin dövründən sonrakı SSRİ-ni xatırladır. Sabiq prezident Niyazov ölkədə sözün əsl mənasında şəxsiyyətə pərəstiş rejimi yaratmışdı.


Qapalı ölkə və şəxsiyyətə pərəstiş - Niyazov Türkmənistanını qısaca belə səciyyələndirmək olar. İndi siyasətdə və iqtisadiyyatda nisbi yumşalma hiss olunur. Ölkə tədricən bir nəfərə pərəstişdən qurtulur. Bir çox ölkələrlə diplomatik əlaqələr bərpa olunur və ya yenidən qurulur. Təbii ki, bu keçid ziddiyyətlidir. Proses daha çox təkpartiyalı sistemin fasadını dəyişməyə bənzəyir. Amma hətta Türkmənistanın belə yol tutması ibrətamizdir. Üstəlik, despotik rejimdən azacıq da olsa geriyə çəkilmə təqdirəlayiq hadisə hesab edilməlidir.


Diktaturaların resursu tükənib. Bunu hətta despotik rejimlərin özləri də hiss edirlər. Əgər Türkmənistan belə anlama gəlibsə, bu, çox müsbət haldır. Azərbaycana qarşı da münasibətin yumşalması müşahidə edilir. Yeni hakimiyyət öz qonşusu ilə münasibətdə konstruktiv mövqe tutmağa çalışır.


Düzdür, Türkmənistan prezidenti hələ Azərbaycana səfər etməyib, amma artıq belə dəvət var. Xatırladaq ki, Niyazovun vaxtında Azərbaycanla münasibətlər çox gərgin idi. Ortada mübahisəli yataq və Xəzərin statusu problemi var idi. Bu problemlər hələ qalsa da, onları həll etməyə cəhd etmək niyyəti hiss olunmaqdadır. Azərbaycan tərəfi mübahisəli yataqlarla bağlı artıq öz mövqeyini bildirib, bu yataqları Türkmənistanla birgə işləmək istəyi bəyan edilib. İndi söz Türkmənistanındır.


Azərbaycanın təkliflərində Türkmənistan üçün maraqlı detallar çoxdur. Azərbaycan Türkmənistan üçün Avropaya çıxış ola bilər. Hazırda öz neft və qaz ehtiyatlarını Rusiya ərazisi ilə ixrac edən Türkmənistan üçün belə çıxış hava və su kimi lazımdır.


Azərbaycanın, Gürcüstanın və Türkiyənin ərazisindən keçəcək dəmir yolu xətti də Türkmənistan üçün maraq kəsb etmək iqtidarındadır. Çin ilə Avropanı birləşdirəcək bu xətt Orta Asiya üçün mühüm önəm kəsb edə bilər.


Amma bunlar hələ perspektivin problemləridir. Bu perspektiv uzaq da ola bilər, yaxın da. Yaxın dövr üçün Türkmənistanın dəyişməsinin ən əsas göstəricisi onun Xəzərin statusuna münasibətidir. Türkmənistan mövqeyini dəyişsə, bu, Xəzər problemi ilə bağlı yaranmış bölgünü aradan qaldıra bilər. İndi Xəzərin statusuna münasibətdə dövlətlər iki qrupa bölünüblər. Rusiya, Azərbaycan və Qazaxstan bir mövqedən, İranla Türkmənistan isə başqa mövqedən çıxış edir. Xəzər Qərb üçün ilk növbədə enerji məsələsidir. Türkmənistanın bu mühüm məsələdə - enerji məsələsində İranla bir cərgədə olması onun üçün kifayət qədər problem yaradır. Hazırda ABŞ-ın və Avropa dövlətlərinin Türkmənistana münasibəti çox soyuqdur. Bu soyuqluğun həm siyasi, həm də geosiyasi səbəbləri var.


Təbii ki, Türkmənistan siyasi səbəbləri aradan qaldırmaq iqtidarında deyil. Bunun üçün ölkə əsl demokratik islahatlar yolunu tutmalıdır. Amma Niyazovdan sonrakı hakimiyyətin ardıcıl demokratik islahatlar aparmaq fikri yoxdur. Bununla belə geosiyasi maneələri aradan qaldırmaq olar. Bunun üçün isə diplomatik əlaqələri genişləndirmək və Qərbə tərəf üz tutmaq lazımdır. Türkmənistan ənənəvi Şərq ölkəsi və Asiya respublikası olsa da, Qərbin türkmən qazına ehtiyacı var. Bu ehtiyac Türkmənistan ətrafında yaranmış siyasi imici dəyişməyə qadirdir. Sirr deyil ki, Avropanın dözümlə yanaşdığı ölkələrin heç də hamısı ideal demokratiya adası deyil. Avropanın enerji problemlərini bölüşsə, Türkmənistan demokratik ada olmasa da, yaxın ada ola bilər.