Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Qazaxıstan Respublikasının Prezidenti Kassım-Jomart Tokayevlə telefon danışığı keçirdi.
Ermənistan hökuməti başçısının mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Məlumatda deyilir ki, Nikol Paşinyan məsələni həll etmək üçün KTMT tərəfdaşlarının mövqelərinin müqayisə edilməsinin vacibliyini vurğulayıb.
Mayın 12-də Yerevan Azərbaycan qüvvələrinin Ermənistanın Sünik vilayətinə bir neçə kilometr irəlilədiyini iddia edib.
Ancaq Azərbaycan tərəfi bunu sərhədlərin dəqiqləşdirilməsi ilə izah edir, hərbçilərinin Ermənistan ərazisinə girmədiyini vurğulayır.
Azərbaycan XİN bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər. Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur:
"Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir".