Növbəti illərdə əlilliyin təyin edilməsi əmək qabiliyyətinin itirilmə faizi ilə müəyyən ediləcək.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov mayın 5-də keçirdiyi mətbuat konfransında deyib. "Əgər indiyədək əlillik təyinatı birinci, ikinci və üçüncü dərəcələr üzrə müəyyən edilirdisə, növbəti illərdə əmək qabiliyyətinin itirilmə faizi ilə müəyyən ediləcək", - o vurğulayıb.
"Bu ədalətsizlikdir"
Ayağı topuqdan aşağı amputasiya edilən V.A. AzadlıqRadiosuna bildirib ki, ona üçüncü qrup əlillik dərəcəsi təyin olunub. O, bundan narazıdır, qeyd edib ki, əmək qabiliyyətini itirib: "Mənə deyirlər ki, qanunla bu xəsarət 3-cü qrupa aiddir. Ayaq dizdən aşağı kəsilsəydi, ikinci qrup əlillik verilə bilərdi. İstənilən halda mən əmək qabiliyyətimi itirmişəm, işləyə bilmərəm. İndi 2-ci qrup alım deyə, həkimlərə deməli idim dizdən kəsin? Bu ədalətsizlikdir".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Turan"a bildirilib ki, yeni qanun layihəsi artıq hazırdır və ona əsasən, əlillik qruplar üzrə təyin edilməyəcək: "Hazırda əlillik üç qrup üzrə təyin edilir və əlilliyin qiymətləndirilməsində ümumi yanaşma göstərilir. Bu qanunvericiliyin köhnəlməsi fərdi yanaşmanı ortaya qoymağa imkan vermir”.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Yeni qanunvericilikdə, əsasən, fərdi yanaşma var"
Qurumdan qeyd olunub ki, yeni qanunvericilikdə isə, əsasən, fərdi yanaşma var: "Orada "qrup", "dərəcə" sözləri çıxarılıb və orqanizmin funksiyaların itirilmə faizi artıq müəyyən olunacaq. Əvvəl 1-ci dərəcə ümumi götürülürdü, amma həmin dərəcə verilən bir şəxsin xəstəliyi daha şiddətli olurdu, digərinin isə daha az".
Üç yox, dörd
Nazirlikdən vurğulanıb ki, yeni qanunvericilikdə orqanizmin funksiyalarının itirilmə faizi qiymətləndiriləcək: "Əmək qabiliyyətinin 81-100 faiz itirilməsi dördüncü, 61-80 faiz itirilməsi üçüncü, 31-60 faiz itirilməsi isə ikinci dərəcə ilə qiymətləndiriləcək. Birinci dərəcə 30-10 faiz arasıdır ki, buna artıq əlillik təyin olunmur. Yeni qanunvericiliyə əsasən, bu dərəcə peşə xəstəliyi və istehsalatda bədbəxt hadisələr zamanı orqanizmin əmək fəaliyyətinin itirilmə faizini qiymətləndirmə üçün təyin ediləcək".
Qeyd olunub ki, insanın orqanizmində baş verən dəyişikliklər nəticəsində dərəcələrdə də dəyişikliklər olacaq: "Dərəcələr dəyişdikcə, ona müvafiq olaraq təyinatlar da yenilənə bilər".
"Yeni layihənin iki çatışmazlığı var"
İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna bildirib ki, beynəlxalq təcrübədə də faizlə əlilliyin müəyyənləşdirilməsi daha geniş yayılıb: "Sadəcə olaraq, yeni layihəyə görə, faizlər daxilində əlillik dərəcələri dörd kateqoriya üzrə müəyyənləşdiriləcək".
Ekspert hesab edir ki, yeni layihənin iki çatışmazlığı var: "Birincisi, çox sərt kriteriyalar qoyulub. Məsələn, 4-cü ən ağır əlillik dərəcəsi olanlardır. Amma o ağır əlillik dərəcəsini almaq həm də yüksək pensiya və müavinət almaq deməkdir. Ona görə də, o qədər çətin şərtlər qoyublar ki, hətta ayaqlarını dizdən aşağı itirmiş şəxs belə bu qrupa düşə bilmir. Yeni layihəni yumşaltmaq lazımdır".
Onun fikrincə, ikinci problem ondan ibarətdir ki, əlillik ümumi müəyyənləşdirilir: "Yəni, xüsusi yanaşma yoxdur. Tutaq ki, kimsə böyrəyin dializinə qoşulur və həmin şəxsin görməsində, eşitməsində də problemlər var. Ona görə də, yaxşı olar ki, ödənişləri daha ədalətli etmək üçün hər bir qrupun içərisində kateqoriyalar da olsun. Məsələn, "a", "b", "c" kateqoriyalar. Beynəlxalq təcrübədə bu var və 4-cü qrupun "a" kateqoriyasına aid olan şəxslərə daha yüksək müavinət verilir, çünki həmin kateqoriyaya aid şəxslərin bir neçə meyar üzrə əlilliyi var".
Q.İbadoğlu deyir ki, yeni layihə bunu fərqləndirmir.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Yeni layihənin məqsədi ondan ibarətdir ki…"
İqtisadçının fikrincə, yeni layihənin məqsədi ondan ibarətdir ki, rəsmi əlilliyi olan şəxslərin sayını maksimum azaltsınlar: "O sərt tələblərlə Azərbaycanda, demək olar ki, əlillik meyarına cavab verən çox az adam var. Bu şəkildə layihənin tətbiqi həm də dövlət büdcəsindən bu məqsəd üçün istifadə olunan vəsaitin azalması deməkdir".
Xatırlatma
Rəsmi qurumların açıqlamasına görə, son üç ildə 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib. Onlardan 266-sı barədə iş prokurorluğa göndərilib, 300-dən çox şikayət isə məhkəməyə verilib. Məlumata görə, ilkin əlilliyə çıxma halları 50 faiz azalıb.