Terrora dəstək, İŞİD-ə yardım kimi əməllərdə suçlanan azərbaycanlıların işi üzrə 1 ildir davam edən məhkəmə istintaqı yekunlaşıb. Aprelin 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror təqsirləndirilən 11 nəfərə ümumilikdə 142 il həbs cəzası kəsilməsini təklif edib.
Təqsirləndirilən şəxslərdən üçü - Babək Məmmədli, Amin Həsənov və Samir Qurbanov martın 2-dən başladıqları aclıq aksiyasını davam etdirdiklərini, səhhətlərində ciddi problem yarandığını bildiriblər.
Məhkəməyə təqsirləndirilən şəxslərin ailə üzvləri buraxılmayıb. Vəkillər buna etiraz edərək vurğulayıblar ki, bu cür davranış açıq məhkəmə prosesini faktiki qapalı keçirməkdir. Bununla da məhkəmənin açıqlığı prinsipi pozulur. Etirazlara baxmayaraq, nəticə dəyişməyib.
Buna da bax: 'Balam 50 gündür acdır, ay prezident...'Sübutlar açıqlanmayıb
Ardınca dövlət ittihamçısı çıxış edərək deyib ki, təqsirləndirilən şəxslərə CM-in 167-3 (dini ekstremist materialları hazırlama, saxlama, yayma), 28,214.2.6 (dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində terrora hazırlıq), 218 (cinayətkar birlik yaratma), 228 (qanunsuz silah saxlama) və başqa maddələri ilə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. Prokuror həmin sübutların nədən ibarət olduğunu açıqlamayıb.
Təqsirləndirilən şəxslərdən Samir Qurbanova 18 il, Amin Həsənova 17 il, Əflatun Bayramova 16 il, Tehran Qasımov və Babək Məmmədlinin hər birinə 15 il, Cavid Əmənova 14 il, Elgün İsmayılova 10 il, Şəhriyar Cabbarov və Ələddin İbişovun hər birinə 9 il 6 ay, Yusif İmanov və Orxan Qurbanova isə 9 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
Buna da bax: Suriyada vuruşmuş azərbaycanlı: 'Düyü, çörək pulsuz idi...'"Bəlkə qanunvericiliyə dəyişiklik edilib..."
Prokuror çıxışında təqsirləndirilən şəxslərdən bir neçəsinin himayəsində azyaşlı uşaqların olmasını yüngülləşdirici hal, cinayətin əvvəldən əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini isə ağırlaşdırıcı hal kimi qeyd edib. Bu da vəkillərin etirazına səbəb olub: "Bəlkə cinayət qanunvericiliyinə dəyişiklik edilib, bizim xəbərimiz yoxdur? Bu adamlara əlbir olub cinayət törətmə ittihamı verilibsə, bunu əlavə ağırlaşdırıcı hal kimi tətbiq eləmək qanunsuzdur".
Üç vəkil çıxış edərək hüquqlarını qoruduğu şəxslərin təqsirsiz olduğunu bildirib, onlar haqqında bəraət hökmü çıxarılmasını istəyib. Digər vəkillər isə çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi mayın 4-də digər vəkillərin çıxışı ilə davam edəcək. Ardınca təqsirləndirilən şəxslər son sözlərini deyəcəklər. Hakim həmin gün hökmün elan olunmasını da istisna etməyib.
Buna da bax: Suriyaya pul göndərməkdə suçlanan: '500 dollarla İŞİD-i maliyyələşdirərlər?'"Ədalət, qanun istəyirik"
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında təqsirləndirilən şəxslərin ailə üzvləri məhkəmə ədalətsizliyinə etiraz ediblər. Əraziyə çoxlu sayda polis əməkdaşları gətirilib.
Valideynlər məhkəmənin bu işə ədalətli baxmadığını deyib, qəbuluna düşmək istədikləri məmurların onlarla görüşməməsinə etiraz ediblər.
"Biz buradan prezidentə səslənirik, sənin məmurların vətəndaşları adam yerinə qoymur. Biz nə istəyirik? Ədalət, qanun istəyirik. Bunları axtara-axtara küçələrə düşmüşük. Bu qədər ananın, ac qalan balalarımızın ahını götürə bilməzsən...", - Babək Məmmədlinin anası Esmira Məmmədova bildirib.
Təqsirləndirilən şəxslər ittihamların saxta olduğunu, Azərbaycanın xüsusi xidmət orqanlarının terrora qarşı mübarizə görüntüsü yaratmaq üçün onları həbs etdiklərini bildirirlər. Onların vəkilləri də deyir ki, ittihamları təsdiqləyən mötəbər sübutlar ortaya qoyulmayıb.