Aprelin 27-də prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vəzifədən azad edilib.
Dünən, aprelin 26-da isə hüquq-mühafizə orqanlarının bu rayonun icra hakimiyyətində əməliyyat keçirdiyi bildirilmişdi. Hələlik, yeni həbslər barədə rəsmi məlumat yayılmayıb.
Son illər ölkədə bir neçə rayonun icra başçısı həbs olunub. Onlara qarşı, əsasən, rüşvət və vəzifədən sui-istifadə ilə bağlı ittihamlar irəli sürülüb. Bu ittihamlara keçmiş icra başçılarından ayrılıqda münasibət almaq mümkün olmayıb.
Buna da bax: Ramiz Mehdiyevin rəhbərlik etdiyi qurumda korrupsiya iddiası..Son günlər isə eyni ittihamlarla müxtəlif xəstəxanaların rəhbərləri tutulublar. Onların da ittihamlara münasibəti, hələlik, ictimaiyyətə bəlli deyil. Amma bir sıra sosial şəbəkə istifadəçiləri tutulan həkimlərin bəzilərinin rüşvətxor olmasına inanmadıqlarını bəyan edirlər. Bəzi ekspertlər də hesab edir ki, problem kadrlarda deyil, sistemdədir.
"Mənim sözlərim bəziləri üçün dərs olmadı"
Hələ ötən il mayın 1-də prezident İ.Əliyev baş prokuror Kamran Əliyevi qəbul edərkən bildirmişdi ki, korrupsiyaya və rüşvətxorluqla Azərbaycanda çox ciddi mübarizə aparılır: "… Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, korrupsiya hallarını indiki zamanda sistemin üzərinə qoymaq doğru olmazdı: "Vaxtilə korrupsiya və rüşvətxorluğa imkan yaradan və bu baxımından problemli olan həmin sistem demontaj edilir. Ölkə prezidentinin 2018-ci ildən start verdiyi islahatlar, eyni zamanda, bunun içərisində yer alan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davamlı xarakter daşıyır".
"Prezidentinin iradəsi ortalıqdadır"
Deputat qeyd edib ki, korrupsiya və rüşvətxorluğun yox edilməsi üçün ölkə prezidentinin iradəsi ortalıqdadır: "O, açıq şəkildə bəyan edib ki, Azərbaycan dövləti rüşvətxorluğa və korrupsiyaya qarşı müharibə elan edib. Bu müharibə bu gün də davam edir və bunun kökü kəsilənə qədər də davam edəcək".
Sizin brauzer HTML5-i dəstəkləmir
O deyir ki, korrupsiya və rüşvətxorluqla açıq xarakter daşıyan mübarizənin bir sıra məmurları yenə də özünün köhnə əməllərindən çəkinməyə vadar etmədiyindən təəssüflənir: "Buna görə də son vaxtlar həm insanlarımızın sağlamlığı üzərində varlanmaq niyyəti güdən bir sıra həkimlər, - hansılar ki, digər həkimlərin fədakar əməyinə kölgə salmağa cəhd göstərirlər, - həm də digər sahələrdə korrupsiya və rüşvətxorluğa yol verdiklərinə görə barələrində cinayət işləri açılan adamlar cəzalandırılır. Bu, başlanmış və davam etməkdə olan korrupsiya və rüşvətxorluqla mübarizənin davamlı olduğunu bir daha sübut edir".
"Korrupsiyaya qalsa…"
İctimai fəal Bəxtiyar Hacıyev də AzadlıqRadiosuna deyib ki, adətən, vəzifəli şəxslərin həbsi korrupsiya ilə mübarizə aparılması ilə əlaqələndirilir: "Amma orta statistik Azərbaycan vətəndaşına da bəllidir ki, bunların həbsinin əsl səbəbi korrupsiya deyil. Korrupsiyaya qalsa, onda gərək Azərbaycan məmurların əksəriyyəti hazırda həbsdə olardı".
Onun sözlərinə görə, adətən, belə hallarda hansısa başqa siyasi məqamlar olur: "Yəni, o şəxslərin təqdimatını vermiş biri hansısa məmurların vurulmasına çalışır və sair. Sadəcə, sonra bunu korrupsiya ilə mübarizə kimi təqdim edirlər".
Fəal hesab edir ki, siyasi cəhətcən hansısa vurulmuş kadrları korrupsiya ilə mübarizə adı ilə həbsə atırlar: "Bununla da sanki Azərbaycanda korrupsiya ilə mübarizənin həyata keçdiyini göstərirlər".
Sizin brauzer HTML5-i dəstəkləmir
"Bunların hamısı sistemin adamlarıdır"
B.Hacıyevin fikrincə, Azərbaycanda məmurların çoxu korrupsiyaya bulaşıb: "Bunların hamısı sistemin adamlarıdır. Şəffaf siyasi sistemdə həmin adamlar ya şəffaf çalışıb ölkənin inkişafına fayda verərlər, yaxud da öz potensiallarının olmadığını, maaşın az olduğunu görüb həmin sistemdən uzaqlaşarlar. Amma Azərbaycanda sistem özü korrupsiyaya bulaşdığına görə vəzifəyə təyin olunmuş və həmin vəzifədə uzun müddət qalanlar həmin sistemin parçası olurlar".
Fəal vurğulayıb ki, ona görə də kadrların dəyişməsi, kiminsə həbs olunması sistemin mahiyyətini heç bir halda dəyişmir: "Sistem özü köklü halda, yuxarıdan aşağıya doğru dəyişməsə, heç bir tədbirin faydası olmayacaq".