Aprelin 24-də səhər saatlarında 6 saylı Cəzaçəkmə Müəssisəsində 10-a qədər məhbusun özünə xəsarət yetirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna "Müdafiə xətti" insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.
"Ayrıseçkilik məhbuslara təsir edir"
Hüquq müdafiəçisinin sözlərinə görə, damarlarını kəsərək özlərinə xəsarət yetirənlər bu yolla müəssisədə məhkumlara qarşı pis rəftar, korrupsiya halları və başqa özbaşınalıqlara etiraz ediblər. Səfərov özünə xəsarət yetirdiyi iddia olunan məhbuslardan dördünün adını dəqiqləşdirə bildiklərini deyir. Bunlar Rəvan Əliyev, Nihad Məcidli, Ceyhun Sultanov və Şamxal Şirinovdur.
"Cəzaçəkmə müəssisələrində kasıb məhbus ən xırda məsələyə görə "kars"a salındığı, döyüldüyü halda, imkanlı məhbuslar pulunu verib istədiyini eləyir, günün istənilən vaxtında telefonla danışa bilir və s. Bu cür ayrıseçkilik məhbuslara təsir edir. Müəssisə daxilindəki dükanlarda qiymətlər normal marketlərdən üç-dörd dəfə bahadır. Verilən yeməklər də o qədər keyfiyyətsizdir ki, heç heyvan bəyənib yeməz. Müəssisə əməkdaşları da çox pis rəftar edir", – Səfərov belə deyir.
Buna da bax: Azərbaycanda hər min nəfərdən ikisi həbsxanadadırÖzünə xəsarət yetirdiyi bildirilən məhkumlardan birinin yaxını AzadlıqRadiosuna informasiyanı təsdiqləyib, onun yarasının ağır olmadığını, amma özü ilə əlaqə saxlaya bilmədiklərini sözlərinə əlavə edib.
"Gözümün qarşısında damarlarını kəsənləri..."
İcraçı direktor bildirib ki, təşkilat xəsarət almış məhkumlarla bağlı araşdırmaları davam etdirir. Onun sözlərinə görə, müalicəyə ehtiyacı olanların tibbi yardımla təmin edilib-edilmədiyi araşdırılır: "Özüm həbsdə olarkən gördüklərimə əsaslanıb deyirəm ki, müəssisədə etiraz edən məhkumun yarası ölümcül deyilsə, ona nəinki tibbi yardım göstərilmir, əksinə, rəhbərliyə etiraz etdiyinə görə işgəncə verilir. Gözümün qarşısında damarlarını kəsənləri döyüb "kars"a salmışdılar. 6 saylı Cəzaçəkmə Müəssisəsində özünə xəsarət yetirənlərin taleyi ilə bağlı araşdırmalarımız davam edir".
Buna da bax: Məhkumun müəmmalı ölümüPenitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə 6 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların etiraz olaraq özlərinə xəsarət yetirməsi haqda məlumatı təkzib edib: "Elə şey olmayıb...".
Cəzaçəkmə müəssisələrinin daxilindəki ticarət köşklərində qiymətlərin baha olması, məhkumlara verilən yeməklərin keyfiyyətsizliyi və onlara qarşı pis rəftar haqda iddiaları da Penitensiar Xidmət dəfələrlə təkzib edib.