İşgəncə verib öldürməkdə suçlananları prezident mükafatlandırıb

Sizin brauzer HTML5-i dəstəkləmir

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'

"Tərtər işi" üzrə dindirmələrdə hərbçilərə işgəncə verməkdə, onları döyə-döyə öldürməkdə suçlanan şəxslər dörd ay öncə mükafatlandırılıb. Onlar prezident İlham Əliyevin 2020-ci ilin dekabrında imzaladığı sərəncamlar əsasında müxtəlif medallara layiq görülüb.

6 ilədək həbs cəzası

Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökmdə gizirlər Polad Əzizov, Elçin Əliyev Sənan Maşıyev, baş gizir Cabir Qəhrəmanov və leytenant Ruslan Mikayılov sorğu-sual olunan şəxslərdən bəzilərinə xəsarət yetirib öldürməkdə, bəzilərini ölüm həddinə çatdırmaqda, bəzilərinin isə sağlamlığına zərər vurmaqda suçlu sayılıb. İlqar Quliyevin sədrlik etdiyi hakimlər heyəti onların hamısına münasibətdə CM-in 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Beləliklə, adları çəkilən şəxslər CM-in 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) və başqa bir neçə maddəsi ilə təqsirli bilindikləri halda, onlara 5 il 6 ay-6 il cəza kəsilib. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Buna da bax: 'Tərtər hadisələri' ilə bağlı hesabat yayılıb

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, onlar bu cəzanı da sonadək çəkmədən azadlığa buraxılıblar. Onlar yenidən orduda xidmətə başlayıblar. 44 gün davam edən İkinci Qarabağ müharibəsində iştiraka görə də mükafatlandırılıblar.

Adları çəkilən şəxslərdən Maşıyev Əzizov prezidentin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Ağdamın azad edilməsinə görə", Mikayılov isə 18 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

"Verilən işgəncələri telefonla çəkiblər"

Hərbçilərin döyülüb öldürülməsi barədə məhkəmə prosesləri qapalı keçirilib və ictimaiyyət bu işlər barədə yetərincə məlumatlandırılmayıb. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, hərbçilərə işgəncə verilib öldürülməsi məhkəmədə zərərçəkmiş və şahid ifadələri ilə yanaşı, konkret foto və videogörüntülərlə də sübut olunub. O görüntülər də işgəncə verməkdə suçlananların öz telefonlarında olub.

"Konkret Sənan Maşıyevin telefonundakı görüntülər cinayət işinin materiallarında sübut kimi qeyd olunub. Onlar verilən işgəncələri telefonla çəkiblər", – mənbə bildirib.

Buna da bax: 'Tərtər işi'nə görə həbs olunan mayor ev dustaqlığına buraxıldı

Maşıyev 2019-cu ildə məhkəmədə son sözündə heç nəyə görə peşman olmadığını deyib: "İki ilə yaxındı burdayıq, bir dəfə də valideynlərimiz bir dövlət orqanının qapısını döyüb deməyib ki, dövlətimiz üçün bu qədər xidməti olan oğlanlarımızı niyə həbs etmisiniz? Etməyəcəklər də. Amma görürsünüz, xainlərin valideynləri aləmi dağıdır. Dövlət üçün həm ölmək, həm öldürmək, həm də zindanda çürümək var. Biz dövlətimiz üçün lazım olanı etmişik. Ola bilər ki, haradasa qanundan kənara çıxmışıq, amma lazım olanı etmişik...".

Təqsirləndirilən Əliyev isə ittihamları qəbul etmədiyini, kimsəni döymədiyini, işgəncə vermədiyini söyləyib: "Vətən xainlərinin döyülməsi, işgəncə görməsi ilə bağlılığım yoxdur. Olsaydı, mən onu çəkinmədən burada etiraf edərdim...".

"Oğlum böhtandansa ölümü seçib"

Tərtər hadisələri zamanı işgəncə nəticəsində öldürülənlərdən biri olan 27-yaşlı Elçin Quliyevin anası Validə Əhmədova da bu cinayət işində zərərçəkmiş qismində tanınmışdı. Əhmədova AzadlıqRadiosuna bildirib ki, oğlu günahsız idi, heç bir cinayət törətməmişdi: "Oğlum MAXE (Müddətdən Artıq Xidmət Edən) idi, üç illik müqavilə müddətinin tamam olmasına ay yarım qalmışdı. 2017-ci il mayın 3-də aparıblar, ayın 6-na sağ çıxmayıb. Ora sanki qəssabxana olub. Məhkəmədə öyrəndim ki, qarşılarına üç cür şərt qoyublar: ya özünü, ya yoldaşını şərləməlisən, ya da işgəncə ilə öləcəksən. Oğlum da böhtandansa ölümü seçib...".

Əhmədova əlavə edib ki, baş verənlərin obyektiv araşdırılması və ədalətli qiymət verilməsi üçün təkcə prezident və vitse-prezidentə 35-ə qədər məktub yazıb.

Buna da bax: 70-yaşlı vətəndaş prezidenti məhkəməyə verir: 'Oğlumu döyüb öldürüblər...'

Xatırlatma

2017-ci ilin mayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər nazirlikləri birgə bəyanat yayaraq vurğulamışdılar ki, bir qrup hərbçi Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluğa görə həbs olunub.

Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıldığı bildirilirdi. Sonradan bu işə təqsirləndirilən şəxslərə qarşı işgəncələrə yol verdikləri bildirilən hərbi qulluqçulara qarşı ittihamlar da daxil edilib.

"Tərtər işi" üzrə həbs olunanlar ümumilikdə 7 ildən 19 ilə qədər azadlıqdan məhrum edilib.

Onların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını bildiriblər. Məhkum edilənlər hökmlərdən yuxarı instansiya məhkəmələrinə şikayət versələr də, nəticə dəyişməyib.

Hüquq müdafiəçilərinin araşdırmalarına əsasən, "Tərtər işi" üzrə dindirmələr zamanı 11 nəfər işgəncə nəticəsində vəfat edib. Onlardan bir neçəsinə sonradan bəraət verilib və ailələrinə təqsirsiz olmalarına dair məktub göndərilib.