Ekspertə görə, 'ağıllı kənd' üçün hökumət də intellektual olmalıdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Şuşa, Ağdam 'smart city'yə çevriləndə belə olacaq

Prezident İlham Əliyev aprelin 19-da "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyasının hazırlanması ilə əlaqədar işçi qrupun yaradılması barədə sərəncam imzalayıb. Aprelin 20-da isə Hacıqabul rayonuna səfər edərkən dövlət başçısı bildirib ki, "Ağıllı kənd" pilot layihəsi birinci Zəngilan rayonunda icra ediləcək: "Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək...".

Azərbaycanda "ağıllı kənd"lərin salınması artıq üç ildir ki, nəzərdə tutulur. "Ağıllı kənd" layihəsinin icrası hətta "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Bərdə və İsmayıllı rayonlarda nəzərdə tutulmuşdu. Lakin bu günə qədər sözügedən layihə icra olunmayıb.

"Ağıllı kənd" nədir?

Onlarda adi kəndlərdə fermerlərin üzləşdiyi problemlər də olacaqmı?

Buna da bax: Şəhərləri "smart" etməyə nədən başlamaq lazımdır?

Ekspertlərin sözlərinə görə, "ağıllı kənd" texnologiyası rəqəmsallaşma, kənd sərhədlərindən daha böyük düşünmə, kəndlə ətraf bölgələr arasında yeni əməkdaşlıq formatı deməkdir. Bunun hədəfi ictimai xidmətlərin səmərəliliyini, təhlükəsizliyini artırmaq, maliyyə xərclərini azaltmaq, şəffaflığı və yaxşı idarəetməni təmin etməkdir.

2018-ci ildə 3-cü Bilik Sərgisində Dünya Bankının mütəxəssisi Tara Şarafuddin bildirmişdi ki, Azərbaycan "ağıllı kənd"lərin yaradılması istiqamətində qlobal liderə çevrilə bilər və ölkə Cənubi Qafqaz regionunda rəqəmsallaşma üzrə rəqabət üstünlüyünə malikdir.

Dünya Bankı tərəfindən hazırlanmış "Ağıllı kənd" layihəsinin tətbiqi üçün Azərbaycan hökumətinə güzəştli kredit də təklif edilirdi. Layihədə qeyd olunurdu ki, iki min nəfər əhalisi olan bir kənddə "ağıllı kənd"in qurulması üçün 50-100 milyon dollar vəsait tələb olunur. Bu vəsaiti Dünya Bankı 15 ilə, ilk 5 ili güzəştli olmaqla kredit şəklində təklif edirdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda smart-dayanacaqlara dövlət nə qədər pul xərcləyir?

"Məqsəd kəndlərdən şəhərlərə axınının qarşısını almaqdır"

Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, bütün dünyada "ağıllı kənd" layihələrinin həyata keçirilməsində əsas məqsəd kəndlərdən şəhərlərə axınının qarşısını almaqdır: "İnsanlara elə şərait yaradılmalıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır".

Buna da bax: Fermer:"Süd istehsalı ona görə azalır ki..."

Nazirlikdən vurğulanıb ki, "ağıllı kənd təsərrüfatı" müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ, fermaları, kooperativ idarəetmə sistemini və nəzarəti özündə ehtiva edir: "Bu sistem kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir".

"Ağıllı kənd"in mənzərəsi...

Qurumdan qeyd edilib ki, "ağıllı kənd" təkcə kənd təsərrüfatı ilə bağlı sahə deyil: "Küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, su elektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın əsas komponentləri sırasındadır. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşdırılacağını da nəzərə alsaq, mənzərə tam aydın olar".

N.Bəydəmirli

"Büdcə vəsaitlərinin mənimsənilməsinin ehtimalı..."

İqtisadçı, işadamı Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, müasir texnoloji yeniliklərdən yararlanaraq "ağıllı kənd" kimi layihənin tətbiqi yaxşıdır: "Ancaq burada bir məsələ var. "Ağıllı kənd" layihəsinin adı altında büdcə vəsaitlərinin mənimsənilməsinin ehtimalı yüksək olduğuna görə mən ona qarşı çıxıram. Adətən, Azərbaycanda belə ekstravaqant layihələr böyük həcmdə dövlət vəsaitlərinin mənimsənilməsinə xidmət edir".

Onun fikrincə, bu baxımından, "Ağıllı kənd" layihəsinin necə həyata keçirilməsi, bunun icrası üçün hansı şirkətin seçilməsi suallar doğurur.

Buna da bax: Fermer: 'Pambıq yanır, suyu bizə yox, məmurların sahələrinə verirlər'

N.Bəydəmirli hesab edir ki, Qarabağda "ağıllı kənd"lərin salınmasına qədər ilk növbədə Azərbaycanın orada hərbi mövcudluğu çox yüksək templə təmin olunmalıdır: "Çünki gələn siqnallar nə "ağıllı kənd"in, nə də "ağıllı şəhər"in real perspektivini qarantiya altına alır".

Onun sözlərinə görə, separatçı qüvvələrin silahlı birləşmələri hələ də Qarabağdan çıxarılmayıb: "Sülhməramlı adı altında işğalçı qüvvələrin mandatı da məlum deyil və vətəndaşlar azad olunmuş ərazilərə hələ də gedib məskunlaşa bilmir. Biz bu torpaqları əlimizdə saxlaya biləcək qədər gücümüzü təmin etməliyik və sonra hər hansı layihələrdən danışmalıyıq".

"Bakının mərkəzində normal elektrik təchizatını təmin etməyən hökumət..."

İşadamı deyir ki, "Ağıllı kənd" layihəsi barədə xəbərlər onda suallar doğurur: "Çünki Bakının mərkəzində normal elektrik təchizatını təmin etməyən hökumət belə çılğın layihələr haqqında fikirləşməməlidir. "Ağıllı kənd"ə qədər biz ilk növbədə intellektual, mobil və dinamik hökumət qurmalıyıq ki, o vətəndaşların problemləri ilə məşğul olsun".

V.Məhərrəmli

"Bunları həll etmək lazımdır"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, "Ağıllı kənd" layihəsi dünyada geniş tətbiq edilmir: "Bu, yalnız bir neçə ölkədə pilot layihəsi kimi tətbiq olunub".

İqtisadçı hesab edir ki, "Ağıllı kənd" layihəsinə maliyyə vəsaiti ayırmaqdansa, həmin vəsaiti kəndlərdə mövcud olan problemlərin həllinə yönəltmək daha yaxşı nəticə verər: "Kənddə kifayət qədər çox problemlər var. Bu, içməli su, suvarma, dotasiyaların verilməsində olan problemlərdir. Bunları həll etmək lazımdır".

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.