Türkiyəyə buraxılmadığını deyən ictimai fəal Qiyas İbrahimov Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edəcək. Onun AzadlıqRadiosuna bildirməsinə görə, bu gün, aprelin 22-də məsələ ilə bağlı Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə də müraciət edib, lakin deportasiyanın səbəbini yenə də öyrənə bilməyib: "Səfirlikdə mənə bildirildi ki, adımın və soyadımın qarşısında "G" hərfindən ibarət kod yazılıb. Bu kod isə nə anlama gəldiyini bilmədiklərini dedilər".
Q.İbrahimovun deməsinə görə, qurumdan ona Türkiyənin Miqrasiya İdarəsinə müraciət etməsi məsləhət görülüb: "Türkiyədə vəkil tutacağıq, məsələ ilə o məşğul olacaq. Azərbaycan Xarici İşlər Nazirliyinə də zəng vurmuşuq. Oradan mənə ərizə ilə müraciət etmək lazım olduğunu dedilər. Bundan sonra onlar da məsələ ilə bağlı Türkiyəyə sorğu göndərəcəklər".
Fəal həmçinin bildirib ki, o, hələ də Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə təyin olunmuş kompensasiyanı ala bilmir: "Bizdə olan məlumata görə, Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə məktub göndərib ki, mənə kompensasiya ödənilib. Avropa Şurasından isə bizə kompensasiya ödənilib-ödənilmədiyi barədə sorğu gəlib. Bank hesabı yoxlayandan sonra məlum oldu ki, köçürmə edilməyib. Heç Prezident Administrasiyasından Maliyyə Nazirliyinə köçürmə ilə bağlı ödəmə tapşırığı belə göndərilməyib. Məsələ ilə bağlı yenidən Avropa Şurasına məlumat verdik".
2020-ci ilin fevralın 13-də Avropa İnsan Haqları Məhkəməsi gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovla bağlı qərar elan edib. Qərara görə, gənclərin hüquqlarının pozulduğu tanınıb və Azərbaycan hakimiyyəti onlara 72 min avro təzminat ödəməlidir.
Q.İbrahimovun son açıqlamasına, hələlik, Türkiyə və Azərbaycanın rəsmi qurumlarından münasibət öyrənmək mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qiyas İbrahimovun Türkiyəyə buraxılmadığı bildirilir
İctimai fəal Qiyas İbrahimovun Türkiyəyə buraxılmadığı deyilir.
Bu barədə AzadlıqRadiosuna Q.İbrahimovun anası Şura Əmiraslanova danışıb. Onun sözlərinə görə, oğlu artıq beş aydır Türkiyədə yaşayırdı: "Qiyas Türkiyədə yaşamaq üçün bir illik rəsmi icazə alıb. Bir müddət əvvəl Bakıya gəlib. Geri qayıtmaq istəyəndə Türkiyə sərhədçiləri onun şəklini çəkiblər və bildirib ki, o, üç aylıq deportasiya olunub. Səbəb isə göstərilməyib".
Ş.Əmiraslanova əlavə edib ki, Q.İbrahimov sonra Bakıdakı Türkiyə Konsulluğu ilə əlaqə saxlayıb: "Məsələni aydınlaşdırmaq üçün Qiyas konsulluğa zəng vurub. Oradan ona polisə düşübmü və digər sualları verəndən sonra bildiriblər ki, o, Türkiyədən ömürlük deportasiya olunub. Səbəb isə yenə də göstərilməyib".
Ş.Əmiraslanova qeyd edib ki, məsələni aydınlaşdırmaq üçün Türkiyə səfirliyinə rəsmi sorğu göndərmək niyyətindədirlər: "Qiyas heç bir qanunazidd hərəkət etmədiyi halda, onu ömürlük deportasiya etmək qanunsuzdur. Tutarlı səbəb göstərilməsə, biz məhkəməyə üz tutacağıq".
Bu deyilənlərə, hələlik, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Q.İbrahimov digər gənc fəal B.Məmmədovla birgə 2016-cı il mayın 10-da Azərbaycanda saxlanmışdı. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib onların hər birini 10 il azadlıqdan məhrum edib.
Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.
Onların hər ikisi iki il öncə, martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb. Hüquq müdafiəçiləri hər iki gənci siyasi məhbus sayıblar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.