Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin aclıq aksiyasına başladığı bildirilir. Bu barədə AzadlıqRadiosuna onun anası Zeynəb Abdullayeva məlumat verib. O bildirib ki, oğlu saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində ölüm aclığı keçirir.
Anasının sözlərinə görə, Abdullayev BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupunun onunla bağlı qərarını Azərbaycan iqtidarının icra etməməsinə bu yolla etirazını bildirir.
Sabiq deputat özü də məktub yazıb, bu addımı atmasının səbəblərini izah edib.
"İstənilən siyasi rejim özünə müxalif olan, Almaniya və digər dövlətlərdən siyasi sığınacaq alan istədiyi mühaciri oğurlayır, min cür işgəncəyə məruz qoyursa, buna görə məsuliyyət daşımırmı? Bəs onda həmin sığınmanın, həmçinin mühacirə verilən səyahət pasportunun, 200-ə yaxın dövlətin imzaladığı Cenevrə Konvensiyasının mənası və mahiyyəti nə olur? Zorakılığa və şəxsimə yönələn siyasi repressiyalara, BMT-nin qərarının qəsdən icra edilməməsinə etiraz əlaməti olaraq bu gündən aclıq elan edirəm", –Abdullayevin məktubunda belə yazılıb.
Buna da bax: Hüseyn Abdullayev Azərbaycan vətəndaşlığından imtina edirAnası deyir ki, Abdullayev saxta ittihamlarla cəzalandırılıb, o, haqqını bərpa etməkdən ötrü bütün mümkün hüquqi yollardan yararlanmağa çalışıb: "Hüquqi müstəvidə cəhdləri nəticə vermədi. Onun başqa əlacı qalmadı. Şərləyib, üç ildir ki, zindanda çürüdürlər...".
Penitensiar Xidmət təkzib edir
Penitensiar Xidmət isə Abdullayevin aclıq aksiyası keçirməsi barədə məlumatı təkzib edib.
"Elə bir hal yoxdur", - Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib.
Abdullayev özü BMT-nin Əsassız Həbslər üzrə İşçi Qrupuna müraciət edərək onun işiylə bağlı araşdırma aparılmasını istəmişdi. Təxminən bir il davam edən araşdırmalardan sonra İşçi Qrup bu qənaətə gəlib ki, onun İstanbulda saxlanması da, Bakıya təhvil verilib burada barəsində həbs qərarı çıxarılması da qanunsuz olub. İşçi Qrup hesab edir ki, o, azadlığa buraxılmalıdır.
Azərbaycan hökumətinin bu qərara münasibəti məlum deyil.
Buna da bax: H.Abdullayev: 'Həbsimin səbəbi guya Əli Kərimliyə...'Xatırlatma
Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.
Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.
2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı o zaman deputat olan Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu. Bu olaydan sonra Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.
Həm də musiqi bəstələyən Abdullayevin 2013-cü ildə "Susma" adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.