anews.az saytının bölgə müxbiri Zaur Qəmbərov martın 19-da məhkəmə zalından azadlığa buraxılıb. Gəncə Apellyasiya Məhkəməsi onun ittiham olunduğu maddəni də, verilən cəzanı da dəyişib.
30-yaşlı Qəmbərov 2020-ci ilin oktyabrında yaşadığı Gədəbəy rayonunda Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinin müdir müavini və sürücüsünə qarşı xuliqanlıq ittihamı ilə 3 il 6 ay azadlıqdan məhrum edilmişdi. O, CM-in 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinmişdi. Silah qismində əşya dedikdə isə, stul nəzərdə tutulur. İddia olunur ki, jurnalist Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsində müdir müavini İbrahim Ələsgərova stul atıb.
Gəncə Apellyasiya Məhkəməsi ittihamı dəyişərək CM-in 221.2.2 maddəsinə tövsif edib. Ona 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Qəmbərov özü isə iddia edir ki, onu icra başçısının sifarişi ilə həbs ediblər, Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy şöbəsinin rəhbərliyi də sifarişi icra edib. Səbəb isə rayondakı məmur özbaşınalığı, korrupsiya barədə faktları yaymasıdır.
Şöbə müdiri Elsun Xudaverdiyev isə istintaqa ifadəsində iddia edib ki, hadisə günü iş otağında kameradan dəhlizdə bir neçə nəfərin olduğunu görüb, söyüş söyüldüyünü eşidib və çıxıb. Çıxanda Qəmbərovun şöbənin işçilərini vurmağa çalışdığını, təhqirlər səsləndirdiyini görüb.
Jurnalist isə bildirir ki, Gədəbəy sakinlərindən birinin uşağına pensiya təyin edilməsi ilə bağlı şikayətini araşdırmaq üçün Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə getmişdi.