Martın 8-də Bakıda qadınların keçirdiyi etiraz aksiyasının təşkilatçılarından biri olan ictimai fəal, psixoloq Nərmin Şahmarzadə Facebook hesabının ələ keçirilməsi və şəxsi fotoları, yazışmalarının yayılması ilə əlaqədar məhkəməyə müraciət edəcək. Bu barədə AzadlıqRadiosuna Şahmarzadə özü məlumat verərək bildirib ki, hələlik Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.
Buna da bax: Bakıda aksiya: qadın hüquqları üçün aksiyaya polis imkan vermədi"Telefonuma çoxlu təhqiramiz, hədə-qorxu dolu mesajlar gəlir"
Müraciətdə göstərib ki, etiraz aksiyasından sonra hesabı ələ keçirilib. İndiyədək həmin hesabdan paylaşdığı polis və hökumətlə bağlı tənqidi statuslar, videolar silinib. İctimai fəalın sözlərinə görə, özəl həyatı ilə bağlı yazışmaları götürülərək saxtalaşdırılıb.
"Onların məzmununa, tarixinə əl gəzdirib yayırlar. Telefon nömrəmin də yayılması nəticəsində telefonuma çoxlu təhqiramiz, hədə-qorxu dolu mesajlar, ard-arda zənglər gəlir. Baş verənlər cinayət hadisəsidir və bunu törədənləri axtarıb tapmaq, cinayət məsuliyyətinə cəlb etmək dövlətin vəzifəsidir. Mediada cinayət barədə gedən məlumatlar cinayət işinin başlanması üçün əsasdır", – Şahmarzadə müraciətində vurğulayıb.
İctimai fəal deyir ki, əgər dövlət orqanları cinayəti törədənləri aşkarlayıb cəzalandırmasa, bu əməlin arxasında onların özlərinin dayandığını düşünməyə əsas verəcəklər.
Buna da bax: Polis söyüş söyür, vətəndaşı təhqir edir, çılpaq evindən aparır...DİN araşdırmalar aparıldığını bildirir
Şahmarzadənin Facebook hesabından yayılan paylaşımlarda adları hallananlardan biri də son parlament seçkilərində deputatlığa namizəd olmuş ictimai fəal Bəxtiyar Hacıyevdir. O da yazışmaların saxtalaşdırıldığını bildirir və bunu törədənlərin tapılıb cəzalandırılmasını tələb edir. Bundan ötrü Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, Bəxtiyar Hacıyevin şikayəti üzrə araşdırma aparılır, Yasamal rayonu, 27-ci polis bölməsində onun özünün də izahatı alınıb: "Müraciətlə bağlı araşdırmalar davam etdirilir".
Martın 8-də bir qrup qadının Bakıda etiraz aksiyası keçirəcəyi gözlənirdi. Aksiya başlayan andan əraziyə cəlb olunmuş polis qüvvələri iştirakçıların əlindən plakatları alıb. Aksiya iştirakçıları polis maşınlarına mindirilərək aparılıb. Ümumilikdə 10-dan artıq fəalın saxlanıldığı, sonradan sərbəst buraxıldığı bildirilir.