Gültəkin Hacıbəylinin oğlu Almaniyaya gedə biləcək

G.Hacıbəyli

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin 17-yaşlı oğlunun ölkədən çıxışına qadağa ilə bağlı məhkəmə qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi Hacıbəylinin şikayətini təmin edib. Qərar verilib ki, Toğrul Mehdi 18 yaşı tamam olana qədər xaricdə daimi yaşayış istisna olmaqla, ölkədən gedib-gələ bilər.

"Daimi yaşamaq üçün xarici ölkəyə getmək istəsəm..."

Hacıbəyli AzadlıqRadiosuna bildirib ki, oğlu təhsilini davam etdirmək üçün Avropaya getmək niyyətindədir. Məhkəməyə də Toğrulun Almaniya universitetinə qəbulu barədə rəsmi sənəd təqdim olunub: "Məhkəmənin qərarı belə oldu ki, məsələn, mən daimi yaşamaq üçün xarici ölkəyə getmək istəsəm, 18 yaşı tamam olana qədər uşağı özümlə apara bilmərəm. Onsuz da mənim ölkədən getmək fikrim heç vaxt olmayıb, bu gün də yoxdur. Əsas məsələ uşağın təhsil hüququnun məhdudlaşması idi. Çünki Avropada təhsilini davam etdirmək imkanı qazanmışdı, amma getməyə icazə verilmirdi".

Buna da bax: Gültəkin Hacıbəyli: 'Evdən çıxmayacağam'

Atasının mövqeyi

Toğrul Mehdi 2017-ci ildən ölkədən çıxa bilmir. Atası Mahmud Mehdiyev həmin ilin iyul ayında Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib.

"Gültəkin Hacıbəyli oğlumu mənim valideynlik hüquqlarımı pozmaqda davam edərək icazəm olmadan uşağı xaricə aparmaq istəyir. O, faktiki olaraq məni valideynlik hüququmdan məhrum etməyə cəhd etmiş olur. Məhkəmə də haqlı olaraq mənim valideynlik hüquqlarımı müdafiə edir. Yetkinlik yaşına çatmayan uşaqlar barəsində qərarlar onların valideynlərinin razılığı ilə həyata keçirilməlidir. Bu razılıq qarşılıqlı olmalıdır", - Mehdiyev 2019-cu ilin yayında keçirdiyi mətbuat konfransında uşağın ölkədən çıxmasına icazə verməməsini belə izah etmişdi.

Buna da bax: Gültəkin Hacıbəyli: 'Anladım ki, hakimiyyətin məqsədi məni fiziki məhv etməkdir'”

Apellyasiya Məhkəməsi qərarı ləğv edib

Keçmiş deputat oğlunun ölkədən çıxışına icazə verilməməsi ilə əlaqədar bundan əvvəl bir dəfə ölkə daxilində hər üç məhkəmə instansiyasını keçmiş, ona "yox" deyilmişdi. O, Almaniya universitetinə qəbul barədə rəsmi sənədi əldə edəndən sonra yenidən məhkəmədə iddia qaldırıb. Nəsimi rayon Məhkəməsi bu dəfə də iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə martın 11-də həmin qərarı ləğv edib.

Hacıbəyli hesab edir ki, oğlunun ölkədən çıxış hüququnun məhdudlaşdırılması onun müxalif mövqeyinə görə verilmiş siyasi qərar idi, sadəcə, keçmiş həyat yoldaşının əli ilə həyata keçirilirdi.

Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib və təzyiqlərə məruz qalmadığını iddia edir.