Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin portretini çəkən rəssam Pərnisə Əsgərova (Pəri Miniatür) fevralın 26-da hakim qarşısına çıxıb. Yasamal rayon Məhkəməsində rəssamın işlədiyi Bakı Atatürk Liseyinin direktoru Eylem Gültekinin ona qarşı iddiasına baxılıb. Direktor Miniatürün CM-in 147-ci (böhtan) maddəsi ilə cəzalandırılmasını tələb edir.
Buna da bax: Rəsulzadənin portretini çəkən rəssam: 'Kimsə məni işdən zorla çıxarmadı'"Adı işçilər siyahısındadır"
Vəkili Faiq Nəcəfov deyir ki, Miniatür özünün Facebook hesabında, canlı yayımlarda səsləndirdiyi fikirlərlə liseyin nüfuzuna xələl gətirib. Vəkilin sözlərinə görə, siyasi baxışlarına görə ona qadağalar qoyulması, təzyiqlərlə üzləşməsi haqda deyilənlər də həqiqətəuyğun deyil: "Onun adı işçilər siyahısındadır, çıxarılmayıb".
Rəssamın vəkili Aqil Layıc bildirib ki, Yasamal rayon Məhkəməsi bu iddiaya baxa bilməz. Çünki hüquqlarını müdafiə etdiyi şəxs nə bu rayonun ərazisində qeydiyyatdadır, nə də lisey burada yerləşir: "Aidiyyətlə bağlı qanunvericiliyin tələbi pozulub. Ona görə də məhkəmə bu iddianı qəbul edə bilməz".
Vəkil Miniatürün iddia ərizəsində "ittiham olunan şəxs" adlandırılmasına da etiraz edib.
Miniatür özü isə məhkəmədə çıxışında vurğulayıb ki, 2020-ci il mayın 28-də polis təqibi altında Rəsulzadənin portretini çəkməsi haqda klip yayılandan bir həftə sonra iş yerində ona xəbərdarlıq edilib: "Mənə dedilər ki, başqana Azərbaycanın yüksək vəzifəlilərindən biri mənimlə bağlı irad bildirib. Mənə də xəbərdarlıq edildi ki, bundan sonda siyasi proseslərdən kənarda dayanım. Daha sonra başqa formada təzyiqlər oldu. Mən yalan danışmıram, dediklərimi təsdiqləyən sübutlarım da var".
Buna da bax: Polis Rəsulzadənin portretinin çəkilməsinə niyə imkan vermir?"İşimə müdaxilə ərizə yazmağa vadar etmək üçün idi"
Rəssam əlavə edib ki, o, açıq şəkildə işdən qovulmasa da, kadrlar şöbəsinin rəhbəri ondan gəlib ərizə yazmağı tələb edib: "Getdikcə artan müxtəlif formalı təzyiqlər – dərs saatları və maaşın azalması, münasibətin dəyişməsi, işimə müdaxilə ərizə yazmağa vadar etmək üçün idi".
Hakim Rauf Daşdəmirov işin Yasamal rayon Məhkəməsinə aidiyyəti olmadığını əsas gətirib iddianın icraata götürülməməsinə qərar verib.
Miniatür AzadlıqRadiosuna bildirib ki, işdən çıxarılıb-çıxarılmaması məsələsini dəqiqləşdirmək üçün məhkəmədən sonra vəkili ilə birlikdə direktorla görüşüb: "Açıq şəkildə dedi ki, mənimlə işləmək istəmirlər. İddia elədi ki, məktəbin nüfuzuna xələl gətirmişəm. Halbuki, mən olanı demişəm...".
Rəssamın bu açıqlamasına lisey rəhbərliyindən münasibət almaq mümkün olmayıb.