NİDA fəalı saxlanarkən döyüldüyünü bildirir

E.Abbasov

NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Elmir Abbasovun həm saxlanılıb polis bölməsinə aparılarkən, həm də bölmədə döyüldüyü, təhqir edildiyi iddia olunur. Bu barədə AzadlıqRadiosuna NİDA-dan verilən məlumatda bildirilir ki, E.Abbasovu yaşadığı evin qarşısında mülki geyimdə olan polislər saxlayıb, "Niva" markalı maşınla bölməyə aparıblar. Dərhal da sosial şəbəkələrdə paylaşdığı statuslar haqda suallar veriblər: "Həmin vaxt Elmir evdən çörək almaq üçün çıxıbmış, qayıdanda binanın qarşısında tutublar. Ona görə telefonu üstündə olmayıb. Onu bir neçə dəfə döyüblər, təhqir ediblər. Əvvəl Sumqayıtda polis idarəsinə, sonra 4-cü polis bölməsinə gətiriblər. Həm maşında, həm də bölmədə döyüblər. Maşından bölməyə sürüyə-sürüyə aparıblar. Hətta aparıb dəniz kənarında zorlamaqla hədələyiblər".

Buna da bax: 70-yaşlı vətəndaş prezidenti məhkəməyə verir: 'Oğlumu döyüb öldürüblər...'

"Həmin vaxt cibinə narkotiki atıb"

İddia olunur ki, NİDA-çı fəalın gödəkcəsinin cibindən narkotik maddə tapılıb. Bu üzdən onun haqqında İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması) maddəsi ilə protokol tərtib olunub. Sumqayıt şəhər Məhkəməsində fevralın 20-də onun haqqında 1 aylıq inzibati həbs qərarı çıxarılıb.

27-yaşlı Abbasov məhkəmədə özünü təqsirli bilmədiyini, narkotikin cibinə atıldığını və sosial şəbəkələrdə hökuməti tənqid edən statuslarına görə cəzalandırıldığını bildirib.

Buna da bax: Çörək dalınca Bakıya gəldi, təqsiri olmadan 2 ildən çox həbsdə qaldı

"Maşından düşürəndə polis bölməsinin qarşısında da onu döyüblər. Bu zaman guya bir nəfər onları ayırırmış, həmin vaxt cibinə narkotiki atıb. Bölmədə videoçəkiliş altında guya cibindən narkotik çıxıb. Amma həmin vaxt da Elmir narkotikin ona aidiyyəti olmadığını deyib. O, heç siqaret çəkmir, spirtli içki içmir. Ona qarşı fiziki və psixoloji təzyiqlər Rauf Babaşovun nəzarəti altında baş verib", - NİDA-dan bildirilib.

R.Babaşov Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavinidir.

DİN təkzib edir

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə AzadlıqRadiosuna NİDA-çı fəalın polis orqanlarında döyülməsi və təhqir edilməsi haqda deyilənlərin həqiqətəuyğun olmadığını söyləyib: "Deyilənləri qəti şəkildə təkzib edirik. Bu iddialar həqiqəti əks etdirmir".

Abbasov haqqında 30 sutkalıq həbs qərarından apellyasiya şikayəti verilib.

NİDA-çı gənc həbsindən iki gün öncə Facebook hesabındakı paylaşımında prezident İlham Əliyevi tənqid edib, onun ölkədəki korrupsiyanın səbəbkarı olduğunu vurğulayıb.

Hakimiyyət təmsilçiləri isə ölkədə heç kəsin siyasi motivlərlə təqib olunmadığını bildirir.