Mehdi İbrahimova hökm oxundu

M.İbrahimov

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahimova hökm oxunub. Fevralın 10-da Xətai rayon Məhkəməsində çıxarılan hökmə əsasən, o, CM-in 139-1.1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmaqda təqsirli bilinib. M.İbrahimova 1 il 6 azadlıqdan məhrumetmə cəzası kəsilib. Amma bu cəza şərti hesab edilib və o, həbs olunmayıb.

M.İbrahimov isə hökmlə razılaşmır və apellyasiya şikayəti vermək niyyətindədir. O, özünü təqsirli bilmir.

Cinayət işinin materiallarında iddia olunur ki, o, 2020-ci il iyulun 20-də axşam saat 21:00 radələrində karantin rejimi qaydalarını pozduğuna görə saxlanılıb. Polis bölməsinə gətirilib test aparılandan sonra onda COVID-19 infeksiyası aşkarlanıb.

Buna da bax: Mehdi İbrahim: Fikirləşirdim ki, mən 3 ay həbsdə dözə bilmərəm...

Ailə üzvləri isə bildirir ki, M.İbrahimov iyulun 15-nə keçən gecə orduya dəstək yürüşündən qayıdanda saxlanılıb. Bir gün sonra bölmədə onun Məmməd İbrahimin oğlu olduğunu biləndə buraxmayıblar. O, atasının siyasi fəaliyyətinə görə cəzalandırılıb.

M.İbrahimov təxminən bir ay həbsdə saxlandıqdan sonra avqustun 19-da ev dustaqlığına buraxılıb.

M.İbrahimovdan sonra atası da orduya dəstək yürüşündə baş verənlərlə bağlı cinayət işi üzrə həbs olunub. O, 2020-ci il noyabrın 17-də ev dustaqlığına buraxılıb. M.İbrahim və həmin cinayət işi üzrə təqsirləndirilən digər şəxslərin hələ məhkəməsi başlamayıb.

Buna da bax: Məmməd İbrahim ona vəzifə təklif edildiyini bildirir

Xatırlatma

2020-ci il iyulun 12-dən 14-dək Azərbaycan Ermənistan sərhədində silahlı toqquşmalarda hər iki tərəf itki verib. İyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunanların 15 nəfəri AXCP üzvləridir. İstintaqın əvvəlində AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya digər təqsirləndirilənlərə verilən əmlakı qəsdən məhv etmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə ittihamları ilə yanaşı, hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı da verilmişdi. İstintaqın sonunda bu ittiham hər ikisindən götürüldü.

Yürüşlə əlaqəli cinayət işi üzrə təqsirləndirilən şəxslərə verilən maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.