Mağazalardan müxtəlif bəhanələrlə pul toplanması

Kassir

"Fakt Araşdırıcı-N" MMC-nin direktoru Zeynal Məmmədov müxtəlif ticarət obyektlərindən müxtəlif bəhanələrlə pul toplamaqda suçlanır. O, fevralın 3-də məhkəmə zalında həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilən Z.Məmmədovun rəhbərlik etdiyi MMC-nin də ləğvinə qərar verilib. Məhkəmə belə nəticəyə gəlib ki, o, məhz bu təşkilatın adından sui-istifadə etməklə ticarət obyektlərindən pul yığıb.

17 min manat

Z.Məmmədov CM-in 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib.

Buna da bax: ''Azəriqaz' əməkdaşları bizə 43 min manat artıq borc yazıb'

Cinayət işinin materiallarında iddia olunur ki, təşkilat rəhbəri müxtəlif ticarət obyektlərinin satıcı və sahiblərindən kassa aparatı, işçilərlə müqavilə və s. çatışmazlıqları əsas gətirərək onlardan rüşvət alıb. Eyni zamanda, aldığı vəsaitləri leqallaşdırmaq üçün həmin müəssisələrlə xidmət müqaviləsi bağlayıb.

Bu cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. İdarə isə araşdırmalara Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş şikayət əsasında başlayıb.

İş materiallarında ümumilikdə 31 cinayət epizodundan bəhs olunur. İddia edilir ki, Z.Məmmədov ümumilikdə 17 min manat pul toplayıb.

Buna da bax: Sosial evləri tikən şirkətin rəhbəri niyə həbs olunub

"Prezident də deyirdi ki, adamları işlə təmin edin"

63-yaşlı Z.Məmmədov isə bu iddia ilə razılaşmır. O, məhkəmədə son sözündə də bəraət istəyib: "Müstəntiq zərərçəkmişlərdən bir neçəsini mənim əleyhimə ifadə verməyə təhrik edib. Onlardan rüşvət almamışam. Həmin pullar MMC-yə ianə şəklində verilib. Mən həmişə prezidentin sərəncamlarına uyğun xidmət göstərmişəm. Prezident də deyirdi ki, adamları işlə təmin edin. Bizim təşkilatda 400 nəfərə yaxın adam işləyib pul qazanırdı...".

"Fakt Araşdırıcı-N" MMC və onun rəhbəri Z.Məmmədovun adı bundan əvvəl də başqa bir cinayət işində keçirdi. Həmin cinayət işi 2015-ci ildə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olan materiallar əsasında başlanmışdı. O zaman iddia olunurdu ki, MMC-nin əməkdaşları mağazalarda istifadə müddəti bitmiş ərzaq məhsullarının satışına görə mağaza sahibini cərimələməmək, bu haqda lazımi orqanlara xəbər verməmək üçün rüşvət alıb. Z.Məmmədov o cinayət işi üzrə də məsuliyyətə cəlb olunmuş, məhkəmənin hökmü ilə ona şərti cəza verilmişdi.