Təmir-tikinti materiallarının istehsalı və satışıyla məşğul olan "Mahmud Topçu K" MMC iddia edir ki, "Azəriqaz" əməkdaşları hər ay ona artıq sərfiyyat yazıb, pulunu ödətdiriblər. Şişirdilmiş sərfiyyat nəticəsində isə 43 min manat ziyan vurublar. İndi həmin vəsaitin geri qaytarılmasını tələb edir. Şirkət bu məqsədlə bir ildən çoxdur ki, məhkəmələrdə "Azəriqaz"la çəkişir.
Çəkişmə bundan sonra da azı bir neçə ay davam edəcək. Çünki bu günlərdə tərəflərin mübahisəsinə baxan Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edib. İş yenidən araşdırma aparılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Buna da bax: Qaz yerli camaatdan kəsilib xaricə satılır? 'Hər çərşənbə guya qəza olur'"Alınan fərq hər dəfə çox göstərilib"
Şirkət iddia edir ki, 2015-ci ildə 4 min 888, 2016-cı ildə 7 min 641, 2017-ci ildə 13 min 756, 2018-ci ildə 17 min 126 (ümumilikdə 43 min 411) manat artıq pul ödəyib: "Hər ay "Azəriqaz" əməkdaşlarının təqdim etdiyi hesab üzrə istifadə olunan qazın pulu ödənilib. Yəni, hesab-fakturada göstərilən məbləğ "Azəriqaz"ın hesabına köçürülüb. Sonradan hesab-fakturalara diqqət yetirəndə məlum olub ki, əlavə borc hesablanıb. Sayğacın ayın əvvəlinə olan göstəricisini ayın sonuna olan göstəricisindən çıxanda alınan fərq hər dəfə çox göstərilib. Bununla da artıq borc yazılıb".
Şirkətin nümayəndəsi məhkəmədən öncə Bakı Regional Qaz Satışı Departamentinə üz tutub, amma problem həllini tapmayıb.
Məhkəmə dövründə ekspertiza keçirilib. Ekspert də "Azəriqaz"ın şirkətə 43 min 411 manat artıq borc hesablaması haqda rəy verib. Bu rəyə əsaslanan Bakı İnzibati-İqtisadi Məhkəməsi "Azəriqaz"ın üzərinə öhdəlik qoyub ki, 2015-2018-ci illərdə şirkətə artıq hesablanmış 43 min 411 manat silinsin.
Buna da bax: Təzə qaz sayğacları iki dəfə çox yazır? Camaat narazıdır"Azəriqaz" nə deyir
"Azəriqaz" bu qərardan narazı qalıb, apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
"Azəriqaz"ın kassasiya şikayəti əsasında bu günlərdə Ali Məhkəmə bu işə baxıb.
"Azəriqaz" şikayətində göstərib ki, "Mahmud Topçu K" MMC-nin iki sənaye müəssisəsi var. Hər birinə ayrıca qaz xətti çəkilib, sayğac qoyulub. "Azəriqaz" iddia edir ki, şirkət bir müəssisənin göstəricilərindən istifadə edərək digər müəssisənin qaz borcunu mübahisələndirir. Aşağı instansiya məhkəmələri qərar çıxaranda bu məqamı araşdırmayıblar.
Ali Məhkəmə işin təkrar apellyasiya baxışına göndərilməsi haqda qərarında yazır ki, şirkətə məxsus sayğacın iki cür (həm mexaniki, həm də elektron) göstəricisi qeyd olunub. Bu rəqəmlər arasında kəskin fərq var. Ekspert rəyində bu rəqəmlərdən hansının əsas götürüldüyü məlum deyil: "İşin ədalətli həlli üçün əlavə araşdırmaya zərurət var".