"Əfqan Sadıqov artıq 80 gündür aclıq edir"

Ə.Sadıqov

Azel TV saytının rəhbəri Əfqan Sadıqovun şikayəti ilə bağlı yanvarın 21-də Sumqayıt Apellyasiya Məhkəməsində keçirilməli olan proses baş tutmayıb. Proses yanvarın 28-nə təyin edilib.

Bunu AzadlıqRadiosuna Əfqan Sadıqovun xanımı Sevinc Sadıqova bildirib.

S.Sadıqova laqeydlikdən gileylənib: "Bu qədər instansiyalara müraciət edirik, məktublar ünvanlayırıq, cavab verən yoxdur. Demək olar ki, çıxılmaz vəziyyətə düşmüşük. Əfqanın səhhəti ağır olaraq qalır, artıq 80 gündür ki, aclıq edir".

S.Sadıqova ötən ilin sonunda isə bildirmişdi ki, Ə.Sadıqovun səhhəti kəskin ağırlaşdığından həkimlər ona sistem köçürməli olublar.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma bu gün, yanvarın 22-də Ombudsman Aparatından "Turan" agentliyinə Ə.Sadıqovla bağlı aşağıdakıları bildiriblər: "Ə.Sadıqovun Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinəsi davam edir. Vəziyyəti orta-ağır dəyərləndirilir. Qida qəbulundan əvvəlki kimi imtina edir".

Azel TV saytının rəhbəri Ə.Sadıqov ötən ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.