Xanımı Əfqan Sadıqovla görüşdən qayıdıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Həbsdəki jurnalistin xanımı: 'Elə bil şou göstərirəm, heç bir reaksiya yoxdur'

Bu gün, dekabrın 28-də Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla görüşüb.

Bu barədə Azadlıq Radiosuna S.Sadıqova özü məlumat verib: "Əfqanla bu gün, dekabrın 28-də Penitensiar Xidmətin Tibb Müəssisəsində görüşdüm. Vəziyyəti çox ağırdır. Dekabrın 26-sı vəziyyəti çox pisləşib. Reanimasiya şöbəsinə köçürmək istəyiblər".

Amma xanımının iddiasına görə, şəraiti münasib olmadığı üçün ora köçürməyiblər. S.Sadıqovanın əlavə etməsinə görə, həkimlər gəliblər, komaya düşmək ehtimalı yüksək olduğundan ona sistem qoşublar: "Mən nə edim, bilmirəm? Adam məhv olur".

"Oğlumu şərləyiblər, indi də can üstündədir"

Ə.Sadıqovun anası da oğlunun vəziyyətinin çox ağır olduğunu bildirib. O, oğlunun həbsdən azad olunması üçün Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəyini söyləyib: "Mənim oğlumu şərləyiblər, indi də can üstündədir. Apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Məhkəməni də 2021-ci il yanvarın 21-nə təyin ediblər. Məgər bu adamlar Əfqanın ölümünü istəyirlər? Odur ki, əlacım ancaq Mehriban Əliyevaya müraciətə qalıb".

Bu fikirlərə, hələlik, nə Sumqayıt şəhər Apellyasiya Məhkəməsindən, nə də Penitensiar Xidmətdən münasibət almaq mümkün olub.

Azel TV saytının rəhbəri Ə.Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Ombudsman Aparatından

Ombudsman Aparatından "Turan"a bildiriblər ki, Ombudsmanın tapşırığı ilə Ə.Sadıqovun səhhəti diqqət mərkəzindədir: "Bu gün də, yəni, dekabrın 28-də Penitensiar Xidmətin Müalicə Müəssisəsi ilə əlaqə saxladıq. Bizə dedilər ki, Əfqan Sadıqovun səhhəti tam nəzarətdədir. Əvvəlki kimi qida qəbulundan imtina edir".

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.