'Azərbaycan banklarında kredit faizləri adamı şoka salır'

E.Rüstəmov

Azərbaycanda bank kreditlərinin faizləri mövzusu hələ də aktuallığını qoruyur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 11 ayında ölkədə inflyasiya cəmi 2.8 faiz olub. Amma bəzi müşahidəçilərə görə, inflyasiyanın azalmasının, uçot dərəcəsinin endirilməsinin bank faizlərinə bir elə təsiri olmur. Onlar qeyd edirlər ki, bank faizləri hələ də birrəqəmli deyil.

Dekabrın 9-da Milli Məclisdə "Əmanətlərin tam sığortalanması haqqında" Qanuna dəyişikliklərin edilməsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov da bank kreditlərinin faizlərinə toxunub.

"İstəyirik ki, ölkədə birrəqəmli faizlər olsun"

E.Rüstəmov bildirib ki, Azərbaycandakı banklarda kredit faizlərinin aşağı salınması məsələsi qurumun rəhbərliyini də düşündürür: "İstəyirik ki, ölkədə birrəqəmli faizlər olsun. Lakin bu gün formalaşan faizlərin arxasında çox ciddi obyektiv reallıqlar var. Əmanət faizləri əsas bankların resurslarıdır. Xərc baxımından, təklif baxımından bu faizlər yuxarıdır. Bu, gəlirlilik, risk amilləri ilə bağlıdır. Biz ilk növbədə risk amillərini aşağı salmalıyıq".

Buna da bax: Bankların önündə növbələr niyə yaranır?

"Yük təkcə dövlətin üzərinə düşməməlidir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə bildirib ki, maliyyə siyasətinin 90-95 faizi investisiyalardır: "Bank faizlərinin aşağı salınması vacibdir. Bununla insanlar rahat iş görə bilərlər. İkincisi, qələbədən sonra Qarabağ regionunu bərpa etmək üçün kifayət qədər çox məbləğ lazım olacaq. Burada yük təkcə dövlətin üzərinə düşməməlidir. Kifayət qədər əməlisaleh sahibkar var...İstər ölkə daxilinə, istərsə də xaricdə belə sahibkarların sayı kifayət qədər çoxdur".

İqtisadçı Nemət Əliyev isə AzadlıqRadiosuna deyib ki, Azərbaycanda bank krediti faizlərin aşağı salınması mümkündür: "Bunun üçün sadəcə istək lazımdır. Azərbaycan Mərkəzi Bankının yürütdüyü pul siyasəti o qədər bərbad və bu bank sisteminin rəhbərliyində yerləşmiş adamlar Azərbaycan əhalisinin maliyyə vəziyyətindən o qədər uzaqdır ki, gerçək vəziyyəti yerində dəyərləndirə bilmirlər".

N.Əliyev

"Hətta regionlarda 36 faizə yüksəlmişdi"

O da bildirib ki, Azərbaycanda bank faizləri çox yüksəkdir: "Əvvəllər lap yüksək idi, bir müddət əvvəl hətta regionlarda 36 faizə yüksəlmişdi. Sonra 25-30 faiz civarına düşdü. Azərbaycanda koronavirus pandemiyasının yayılması səbəbindən hökumət bir tədbir planı hazırlamışdı. Orada bank sektorunun verdiyi kreditlərə görə hesablanmış bank faizlərinin yarısının dövlət büdcəsi hesabına ödənilməsi gündəmə gəldi. Ən azından orada 500 milyon manatlıq kredit dairəsindən söhbət gedirdi ki, ondan istifadə olunsun və sonrakı dövrdə bu kredit işində faiz dərəcələrinin çox ciddi şəkildə aşağı düşməsi baş versin".

"İnkişaf etmiş ölkələrdə..."

İqtisadçının əlavə etməsinə görə, faizlər nisbətən aşağı düşüb və müəyyən qədər bu tədbir planının təsiri olub. Amma onun fikrincə, faiz dərəcələri yenə də arzulanan qədər aşağı deyil:

Buna da bax: Ekspert bankların ləgvini şübhəli addım adlandırır

"İnkişaf etmiş ölkələrdə kredit faiz dərəcələri 3-5, hətta bəzi hallarda 1 faizdir. Bunun fonunda Azərbaycan banklarında kredit faizləri adamı şoka salır. Bu bankirlər elə düşünürlər ki, bu işə pul buraxandan sonra çox qısa bir müddət ərzində milyarder olmalıdırlar. Azərbaycan əhalisinin sosial vəziyyətini da düşünmək lazımdır axı. Ona görə də, Azərbaycanda bank faiz dərəcələri kifayət qədər yüksəkdir və bunun belə olması beş günün işi deyil. Azərbaycan hökumətinin uzun müddət ərzində yürütdüyü yanlış sosial-iqtisadi və bank kredit siyasətinin nəticəsidir".

"Onlar elliklə kreditlərdən imtina etmək yolunu tutub"

N.Əliyev qeyd edib ki, 2014-cü ilin sonuna olan vəziyyətə görə, Azərbaycanda kredit qoyuluşlarının həcmi təxminən 22-23 milyard dollar idi: "Lap son məlumatına görə, hazırda Azərbaycanda kredit qoyuluşlarının həcmi 9 milyard dollardan da aşağıdır. Bu o deməkdir ki, Elman Rüstəmovun yürütdüyü bank-kredit siyasəti ölkə əhalisini, yaxud da sahibkarlıqla məşğul olan insanları elə hala gətirib ki, onlar elliklə kreditlərdən imtina etmək yolunu tutub. Bank faiz dərəcələrinin bərbad vəziyyətdə olmasının nəticəsidir ki, kredit qoyuluşları bu səviyyəyə gəlib düşüb".

Sizin brauzer HTML5-i dəstəkləmir

'Bank qapımı kəsdirib' - Koronavirusa görə işsiz qalan yazıçı

"İnsanlar bankdan kredit götürməyə qorxur"

İqtisadçının deməsinə görə, əslində, Azərbaycanda kredit resurslarına ehtiyacı olanların sayı kifayət qədər çoxdur: "Bu ilin yanvar-oktyabr dövründə ötən ilin müvafiq dövrlə müqayisədə bank kreditlərinin həcmində cüzi şəkildə artım olsa da, iqtisadi fəallıq aşağı düşüb. Bunun fonunda kredit qoyuluşlarının həcmi artmalı idi, amma bu, baş vermədi. Deməli, insanlar bankdan kredit götürməyə qorxur. Nə qədər ki, əhalinin sosial vəziyyəti ilə bank kredit faizləri arasında normal, balanslı siyasət qurulmayıb, vəziyyətin pisləşməsi davam edəcək".

Yazıda yer alan fikirlərə kommersiya banklarının özündən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən ilin dekabrında Azərbaycanda fəaliyyət göstərən bəzi banklarda istehlak kreditləri üzrə təklif olunan faiz dərəcələrinə dəyişiklik edilib. Hazırda nağd kreditlər üzrə faiz dərəcəsi bir çox banklarda 16-22 faiz arasında dəyişir. Bu ilin sentyabrında Mərkəzi Bankın uçot faiz dərəcəsi isə 6.5 faiz təşkil edib. Son illər Mərkəzi Bank uçot dərəcəsini bir çox dəfə aşağı salıb.