Yerevanda küçələrə çıxan müxalifətçilər “Nikol – satqındır!”, “Nikolsuz Ermənistan!” şüarları səsləndirir, yolayrıcılarını bağlayır, tıxaclar yaradırlar. Onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Etirazçıların arxasınca böyük sayda polis əməkdaşları gedir, artıq saxlananlar var.
AzadlıqRadiosu-nun Ermənistan xidməti hazırda Yerevanda metronun bağlandığını bildirir. Bu haqda metropolitenin “Facebook” səhifəsində məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, vətəndaş itaətsizliyi aksiyaları metropolitenin işini iflic edib.
***
Bütün ermənilərin katolikosu Paşinyanı istefaya çağırır
Bütün ermənilərin katolikosu II Qaregin Baş nazir Nikol Paşinyanı istefaya çağırıb.
Buna da bax: ‘Qarabağa görə 5 milyard’ söhbəti internetdə necə yayılıb
“Cəmiyyətdə artan gərginlik, daxili və xarici çağırışlar, eləcə də baş nazirə ictimai inamın aşağı olmasıyla əlaqədar biz bir ata kimi onu silkələnmələrə, mümkün toqquşmalara və faciəvi nəticələrə yol verməmək üçün səlahiyyətindən əl çəkməyə çağırdıq”, – katolikosun müraciətində deyilir.
Erməni Apostol Kilsəsinin başçısı həm də parlamentə müraciət edib, həlledici məqamda onu tam məsuliyyətlə davranmağa, ictimaiyyətin geniş dairələrinin tələblərinə qulaq asmağa, siyasi qüvvələrin razılığı ilə yeni baş nazir seçməyə və müvəqqəti milli razılıq hökuməti formalaşdırmağa səsləyib.
***
Paşinyana verilən vaxt bitdi
Ermənistanda müxalifətin Baş nazir Nikol Paşinyanın istefası üçün qoyduğu vaxt dekabrın 8-də bitib. Paşinyan istefa vermədiyindən müxalifət partiyaları vətəndaş itaətsizliyi aksiyalarına başladıqlarını elan ediblər. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti xəbər verir.
“Gördüyünüz kimi, Nikol Paşinyan istefa vermədi. Buna görə də indiki andan saat 17:00-dək Ermənistan Respublikasının vətəndaşlarının öz etirazını, tələblərini ifadə eləməkdən ötrü dinc itaətsizlik aksiyaları keçirməyə legitim hüququ var”, – “Daşnaksutyun” partiyasından İşxan Sağatelyan deyib. O, 16 partiyanı birləşdirən “Vətənin xilası cəbhəsi”nin üzvüdür.
Sagatelyan vətəndaşları etiraz aksiyalarını qanun çərçivəsində keçirməyə çağırıb.
Buna da bax: Tomas de Vaal: ‘Qarabağ indi Rusiyanın anklavıdır’
Paşinyana ittihamlar
Müxalifət qüvvələri Nikol Paşinyanı 44 günlük Qarabağ müharibəsinin nəticələrinə dair “kapitulyasiya” razılaşmasını imzalamaqda ittiham edirlər. Onların fikrincə, “məğlubiyyətin simvolu” olan Paşinyan istefaya getməli, onun yerinə “müvəqqəti” baş nazir gəlməlidir. Aralıq baş naziri bir il ərzində vaxtından əvvəl seçkilərin keçirilməsini təmin etməli, ancaq özü namizədliyini verməməlidir.
Müxalifət baş nazirliyə ölkənin keçmiş müdafiə və baş naziri Vazgen Manukyanın namizədliyini irəli sürüb.
Buna da bax: İlham Əliyev 'YAŞAT' fondu yaratdı
Paşinyanın istefası üçün qoyulmuş son müddət bu gün günorta 12-də bitib. Müxalifət qüvvələri xəbərdarlıq etmişdi ki, Paşinyan getməsə, kütləvi vətəndaş itaətsizliyi aksiyalarına başlayacaqlar.
Azərbaycan qüvvələri sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ ətrafındakı dörd rayonu, eləcə də Şuşa şəhərini, Hadrut qəsəbəsini işğaldan azad edib. Noyabrın 10-da açıqlanmış atəşkəs sazişi ilə qalan 3 rayon da dekabrın 1-dək Azərbaycana qaytarıldı. Eyni zamanda tərəflərin təmas xəttinə və Laçın dəhlizinə 2 min Rusiya sülhməramlısı yerləşdirildi.