Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanan və həlak olanların ailələrinin təminatına dəstək fondu – "YAŞAT" yaradılıb.
Bununla bağlı bu gün, dekabrın 8-də prezident İlham Əliyev fərman verib.
"Fond... dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır", - sənəddə yazılıb.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirəcək.
Buna da bax: Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr) olmalıdır.
Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə əsasən, dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Buna da bax: Yaralı əsgərlər müalicəsiz qalıb? - Valideynlər şikayətçidiAzərbaycan Müdafiə Nazirliyinin dekabrın 3-də yaydığı açıqlamaya görə, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.
Həmin savaşda və sonradan minaya düşdüklərinə görə 100 mülki şəxsin də həlak olduğu, 400-dən çoxunun isə yaralandığı açıqlanıb.
Xatırlatma
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.